İsrailin xarici kəşfiyyat xidməti Mossad 1986-cı ildə Livanda itkin düşən İsrail Hərbi Hava Qüvvələrinin pilotu Ron Aradın taleyini öyrənmək məqsədilə bir neçə yüksək rütbəli iranlı generalı oğurlayaraq dindirib və işgəncələrə məruz qoyub. Əməliyyatlardan biri zamanı isə oğurlanan iranlı general öldürülərək cəsədi Qara dənizə atılıb.
Bu barədə “The New York Times” qəzetinin dərc etdiyi araşdırmada bildirilir. Araşdırma onlarla iranlı, israilli və amerikalı rəsmilərin ifadələrinə əsaslanır.
Nəşrin məlumatına görə, Mossad agentləri 2006-cı ildə İstanbulda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” bölməsində xidmət etmiş general Əlirza Əsgərini oğurlayıblar. O, Aradın itkin düşməsindən qısa müddət sonra Livanda xidmət edib.
Üç keçmiş amerikalı rəsmi qəzetə bildirib ki, Əsgəri bir neçə həftə gəmidə dindirilib. Lakin onun Aradın taleyi barədə hər hansı məlumata sahib olduğunu təsdiqləyən sübut əldə edilməyib. Bundan sonra general öldürülüb və cəsədi Qara dənizə atılıb. İsrail isə Əsgərinin yoxa çıxmasında iştirakını təkzib edib.
Araşdırmada vurğulanır ki, İsrail uzun müddət Aradın Livanda əsir götürüldükdən sonra İrana təhvil verildiyini ehtimal edib. Lakin Tehranı pilotun saxlanılmasında ittiham etmək üçün heç vaxt etibarlı sübut əldə olunmayıb.
Ron Arad 1986-cı ildə İsrailin Livanın cənubunda keçirdiyi hərbi əməliyyat zamanı təyyarədən katapult etdikdən sonra itkin düşüb. İsrail onun şiə “Əməl” təşkilatı tərəfindən əsir götürüldüyünü, daha sonra isə İrana təhvil verildiyini güman edirdi.
İlk iki il ərzində pilotun sağ olduğuna dair bəzi məlumatlar, o cümlədən fotoşəkillər və məktublar əldə edilib. Sonuncu məktub 1988-ci il mayın 5-də göndərilib.
1994-cü ildə İsrail xüsusi təyinatlıları “Əməl” təşkilatının yüksək vəzifəli nümayəndəsi Mustafa Diraniyi Livanda oğurlayıblar. Dindirmə zamanı Dirani Aradın Bekaa vadisindəki Nəbi-Şit yaşayış məntəqəsinə aparıldığını və etibar etdiyi bir ailənin nəzarətinə verildiyini bildirib. Onun sözlərinə görə, mühafizəçilər İsrail hərbçiləri ilə döyüşmək üçün ərazini tərk etdikdən sonra pilot yoxa çıxıb.
Dirani həmçinin İran rəsmilərindən birinin Aradın SEPAH tərəfindən İrana aparıldığını söylədiyini iddia edib. Lakin bu məlumatların müstəqil şəkildə təsdiqlənməməsi və işgəncə altında əldə edilməsi İsraildə onların etibarlılığı ilə bağlı suallar yaradıb.
2006-cı ildə İsrailin daxili təhlükəsizlik xidməti “Şin Bet” apardığı araşdırma nəticəsində Aradın nə İran, nə də “Hizbullah” tərəfindən saxlanılmadığı qənaətinə gəlib. Ehtimala görə, pilot həmin dövrdə Nəbi-Şit ərazisində olub. Buna baxmayaraq, Mossad və İsrail hökuməti bu nəticələri əsasən nəzərə almayıb.
Qəzetin yazdığına görə, sonrakı illərdə də İsrail İranın pilotun itkin düşməsində rol oynadığı versiyasını araşdırmaqda davam edib. 2021-ci ildə ərəb mediası Mossad agentlərinin general Abdulla Saberini Dəməşqdə oğurlayaraq dindirdiyini yazıb.
Araşdırmada həmçinin qeyd olunur ki, İsrailin əsas ehtimallarından biri Aradın 1988-ci ildə onu əsir götürən Həsən Şükrün öldürülməsinə cavab olaraq qətlə yetirilməsi ilə bağlıdır.
2026-cı ilin martında İsrail hərbçiləri Aradın qalıqlarını tapmaq məqsədilə Livanın dərinliklərinə xüsusi təyinatlı qüvvələr göndəriblər. Əməliyyat uğursuz olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Nəbi-Şit ərazisinə endirilən intensiv hava zərbələri nəticəsində azı 41 nəfər həlak olub. İsrail tərəfi itki verməyib.
İsrailin baş naziri Benyamin Netanyahu həmin vaxt əməliyyatın axtarılan nəticəni vermədiyini bildirsə də, itkin düşmüş şəxslərin taleyinin araşdırılmasının davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, İsrail 2008-ci ildə Ron Aradı rəsmi olaraq ölmüş elan edib. 2016-cı ildə Mossad və İsrail hərbi kəşfiyyatının birgə hesabatında isə pilotun böyük ehtimalla hələ 1988-ci ildə həyatını itirdiyi qənaəti yer alıb. Aradın həyat yoldaşı sonradan onun qalıqlarının tapılması naminə İsrail hərbçilərinin həyatının təhlükəyə atılmasını istəmədiklərini bildirib.
Tahir TAĞIYEV