Rusiya Prezidenti Vladimir Putinin administrasiyasının nümayəndələri hakim “Vahid Rusiya” partiyasından olan deputatlara Ukraynaya qarşı müharibənin başa çatmasına və döyüşlərdə iştirak edən hərbçilərin ölkəyə qayıtmasına hazırlaşmağı tövsiyə ediblər.
“Vedomosti”nin məlumatına görə, Putinin nümayəndələri noyabrın 13-14-də Moskva yaxınlığında yerləşən “Senej” İdarəetmə Seminarı Mərkəzində keçirilən tədbirdə belə çağırışla çıxış ediblər.
Seminarda Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko da iştirak edib. O, çıxışında Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən şəxslərlə işin təşkilinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Nəşrin mənbələrindən biri bildirib ki, seminar zamanı Prezident Administrasiyasının nümayəndələri deputatları “qələbəyə” hazır olmağa çağırıblar. Onların sözlərinə görə, döyüş əməliyyatlarında iştirak edən şəxslər qəfil ölkəyə qayıda bilərlər. Bununla belə, deputatların belə bir ssenariyə konkret olaraq necə hazırlaşmalı olduqları açıqlanmayıb.
Seminarda, həmçinin Rusiyada 2030-cu ildə keçiriləcək prezident seçkiləri və 2031-ci il Dövlət Dumasına seçkilər müzakirə olunub. İştirakçılar ölkənin növbəti beş il üçün siyasi istiqamətini və planlarını nəzərdən keçiriblər.
Kiriyenko deputatları əhali ilə daha sıx təmasda olmağa çağırıb. O bildirib ki, sıravi vətəndaşlar deputatları cəmiyyətin problemlərindən uzaq, varlı insanlar kimi qəbul edirlər.
Tahir TAĞIYEV