“Uzunmüddətli dostlar və strateji tərəfdaşlar kimi Böyük Britaniya və Azərbaycan bu gün dünyanın üzləşdiyi bir çox çağırışa eyni mövqedən yanaşır və onların həlli üçün birlikdə çalışır.
Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində mövqelərimiz üst üstə düşür.
Azərbaycanın Ukraynaya davamlı dəstəyini alqışlayırıq. Böyük Britaniya Ukraynaya sarsılmaz dəstəyini davam etdirəcək. Nə qədər vaxt tələb olunursa olunsun, Ukraynanın yanında olacağıq.
Biz həmçinin İrandakı münaqişənin sona çatması və dünya iqtisadiyyatı üçün həyati
əhəmiyyət daşıyan Hörmüz boğazının tam şəkildə yenidən açılması istiqamətində diplomatic səylərin nəticə verməsini istəyirik. Gərginliyin azaldılması və boğazın tam açılması üçün tərəfdaşlarımızla işləməyə davam edirik.
Bizə daha yaxın olan Cənubi Qafqazda isə ötən il ərzində sülh istiqamətində əldə olunmuş irəliləyişi alqışlayırıq. Bura sərhədyanı “Sülh Körpüsü” təşəbbüsü, davam edən sərhədlərin delimitasiyası prosesi, Azərbaycanın Ermənistana yanacaq tədarükü, eləcə də AzerTelecom və Telecom Armenia arasında razılaşma daxildir. Davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün bu dinamikanın dialoq və əməkdaşlıq vasitəsilə qorunub saxlanması mühüm
əhəmiyyət daşıyır”. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında qeyd edib.
Səfir bildirib ki, Cənubi Qafqaz daha sülhsevər və əlaqəli gələcəyə doğru inamla irəlilədiyi bir vaxtda Böyük
Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır.
“Bu, həm də ölkələrimiz arasında möhkəm əlaqələrin qurulmasına töhfə verən insanları,
dostlarımızı, tərəfdaşlarımızı, biznes nümayəndələrini, tələbələri və icmaları xüsusi qeyd etmək üçün gözəl fürsətdir.
Bu günədək münasibətlərimizin inkişafına töhfə verən hər kəsə təşəkkür edir və
tərəfdaşlığımızın bundan sonra da inkişafını səbirsizliklə gözləyirəm”-Səfiri Dankan Norman mətbuat konfransında deyib.
İradə SARIYEVA