Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Ukrayna ilə bağlı sülh danışıqlarında irəli sürdüyü tələbləri absurd adlandırıb. O bildirib ki, danışıqların əsas prioriteti Kremlin tələblərinin müzakirəsinə başlamazdan əvvəl atəşkəsə nail olmaq olmalıdır.
Kallasın sözlərinə görə, Rusiya ilə aparılan danışıqlarda əvvəlcə hərbi əməliyyatların dayandırılması tələb edilməli, bundan sonra tərəflər sülh sazişinin şərtlərini müzakirə etməlidirlər. O, Avropa İttifaqının danışıqlar heyətinin tərkibinə dair qərarın qurumun liderlərinə məxsus olduğunu, lakin özünün danışıqların məzmunu üzərində işləməyə davam edəcəyini vurğulayıb.
Kallas qeyd edib ki, Avropa İttifaqı Rusiyanın maksimal tələblərinə cavab olaraq özünün maksimal tələblər siyahısını hazırlayıb. Bu siyahıya Rusiyanın qoşunlarını hazırda hərbi mövcudluğunu saxladığı bütün ölkələrin ərazilərindən çıxarması da daxildir. O, Avropanın təsir imkanları kimi Rusiyaya qarşı sanksiyaları və dondurulmuş aktivləri göstərib.
Məlumata görə, noyabrın 16-da Avropa İttifaqı Şurasının Rusiyaya qarşı sanksiya siyahısına 145 fiziki və hüquqi şəxsin daxil edilməsi məsələsinə baxması gözlənilir.
Bundan əvvəl Rusiyanın Əbu-Dabidə keçirilən danışıqlarda NATO-nun qoşunlarını 1997-ci ildəki mövqelərinə qaytarmasını tələb etdiyi bildirilmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın bu istiqamətdəki tələblərinin Avropanın mövcud təhlükəsizlik arxitekturasına yenidən baxılması təhlükəsi yaratdığını bəyan edib.
Kaya Kallasın, Rusiyanın NATO-nun 1997-ci il mövqelərinə qayıtması tələbinə cavab olaraq, Moskvanın da, Ukrayna daxil olmaqla, qoşun saxladığı bütün xarici ölkələrin ərazilərindən hərbi qüvvələrini çıxarması barədə irəli sürdüyü təklif maraq doğurur. Tərəflərin bir-birinə qarşı maksimalist tələblər irəli sürməsi fonunda belə bir qarşılıqlı razılaşma real görünürmü? Bu yanaşma Rusiya-Ukrayna müharibəsinin dayandırılması və Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün danışıqlarda kompromisə zəmin yarada bilərmi?
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində aparılan danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biri Moskvanın irəli sürdüyü qəbuledilməz şərtlərdir. Kreml müharibənin başa çatmasına xidmət edən kompromis axtarmaq əvəzinə, danışıqlar prosesindən öz geosiyasi maraqlarını təmin etmək və Qərbə təzyiq göstərmək vasitəsi kimi istifadə edir.
Əli Orucov: "Rusiya ABŞ üçün deyil, Avropa üçün ciddi təhlükədir"
Politoloq Əli Orucov məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Moskvanın ABŞ vasitəçiliyi ilə aparılan Rusiya-Ukrayna danışıqlarında irəli sürdüyü tələblər əslində prosesi pozmağa və dolayısı ilə sülh razılaşmasından yayınmağa hesablanıb. Kreml yalnız Kiyevə qarşı ağır şərtlər irəli sürmür, eyni zamanda NATO və Avropa ölkələrindən də yerinə yetirilməsi mümkün olmayan güzəştlər tələb edir.
Politoloqun fikrincə, Rusiya Prezidenti Vladimir Putini bu qədər cəsarətləndirən amillərdən biri ABŞ Prezidenti Donald Trampın Moskvaya münasibətdə nümayiş etdirdiyi həddindən artıq güzəştli və bəzən Qərb müttəfiqlərinin maraqları ilə ziddiyyət təşkil edən mövqeyidir. Trampın şəxsi siyasi maraqlarını ön plana çıxarması da Kremlin manevr imkanlarını genişləndirib.
Əli Orucov qeyd edib ki, Qərb Rusiyanın tələblərinin yalnız Ukraynanın ərazi bütövlüyü ilə bağlı olmadığını, bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasına real təhdid yaratdığını yaxşı anlayır. Moskvanın geosiyasi iddiaları Ukraynanın işğalı ilə məhdudlaşmır. Rusiya Baltikyanı ölkələrin və Finlandiyanın NATO-dan uzaqlaşdırılmasını istəyir, Polşa, Serbiya və Macarıstanda öz mövqelərini və təsir imkanlarını gücləndirməyə çalışır. Bu baxımdan Avropa İttifaqının narahatlığı tamamilə əsaslıdır. Çünki Rusiya ABŞ-dan daha çox Avropa üçün təhlükə mənbəyidir və Kremlin əsas iddiaları məhz Avropanın təhlükəsizlik maraqlarına yönəlib.
Politoloqun sözlərinə görə, danışıqlar prosesində Avropanın kənarda saxlanılması da ciddi problemlər yaradır. Belə yanaşma müharibənin real şəkildə başa çatdırılmasından daha çox, onun dondurulmasına və mövcud status-kvonun qorunmasına xidmət edə bilər. Diqqət çəkən məqamlardan biri də Kremlin, hətta müəyyən müddətə atəşkəsə razılaşmaq istəməməsidir. Rusiya humanitar məsələlərin həlli istiqamətində də müxtəlif bəhanələrlə konkret addımlardan yayınır.
Əli Orucov hesab edir ki, Putin ABŞ-la onun Qərbli müttəfiqləri arasında fikir ayrılıqlarının və siyasi çatların mövcudluğundan yararlanmağa çalışır. Kreml yaranmış vəziyyətdən istifadə edərək öz iradəsini tərəfdaşlarına və rəqiblərinə qəbul etdirmək istəyir. Görünür, müəyyən mənada buna nail də olub. Ona görə də qarşıdakı danışıqlarda Rusiyanın yeni tələblər irəli sürəcəyi istisna edilmir.
Politoloq Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiyanın Ukrayna ilə bağlı sülh danışıqlarında irəli sürdüyü tələbləri absurd adlandırmasını da əsaslı hesab edir. Onun fikrincə, Rusiya ilə Avropanın tarixinə nəzər saldıqda Moskvanın etibarlı tərəfdaş olmadığı bir daha aydın görünür. Rusiya tarix boyu xalqlar üçün həbsxana, müstəqil dövlətlər üçün isə jandarma rolunu oynayıb. Bu səbəbdən Avropa ölkələrinin Kremlin geosiyasi iddialarına ehtiyatla yanaşması təsadüfi deyil.
Dəniz NƏSİRLİ