ABŞ-ın bank sektorunda genişmiqyaslı elektron sistem nasazlığı baş verib. Müxtəlif banklarla bağlı çoxsaylı şikayətlərdə vəsaitlərin hesaba qoyulması və ya çıxarılmasının mümkünsüzlüyü, pul köçürmələrinin ləngiməsi və ya tamamilə həyata keçirilməməsi, həmçinin mobil bankçılıq tətbiqlərinə daxil olmaqda çətinliklər qeyd olunur. Səbəbi hələlik məlum olmayan bu genişmiqyaslı nasazlıq "Bank of America", "Chase", "U.S. Bank", "Wells Fargo", "Truist", "Citi" və "JPMorgan" müştərilərinə təsir göstərib. Həmçinin, pul köçürmə tətbiqləri olan "Venmo" və "Zelle" istifadəçiləri, "American Express" debet və kredit kartı sahibləri, eləcə də hərbi ailələrə xidmət göstərən "Navy Federal Credit Union" üzvləri də sistemə girişlə bağlı problemlərlə üzləşdiklərini bildiriblər. "Chase" bankının nümayəndəsi bildirib: "Texniki nasazlıq səbəbindən bəzi əməliyyatların icrası adi vaxtdan daha uzun çəkir, lakin müştərilərin öz hesablarına və vəsaitlərinə çıxışı davam edir. Problemi mümkün qədər tez aradan qaldırmaq üçün çalışırıq". Nümayəndənin sözlərinə görə, vəziyyətin kiber cinayətkarlıqla heç bir əlaqəsi yoxdur. Daha əvvəl müxtəlif onlayn platformalarda hakerlərin 17 noyabr tarixində iri qlobal bankların sistemlərinə müdaxilə etməyi və nəticədə interneti tamamilə dayandırmağı planlaşdırdıqları barədə iddialar yayılmışdı. "U.S. Bank" "Associated Press" agentliyinə bildirib ki, bankın öz sistemləri nasazlıqdan birbaşa təsirlənməsə də, "Zelle" vasitəsilə "digər maliyyə qurumlarına" edilən ödənişlərdə gözlənilməz gecikmələr yarana bilər. "Zelle" şəbəkəsi "Early Warning Services" şirkəti tərəfindən idarə olunur; bu şirkət "Bank of America", "Capital One", "JPMorgan Chase", "PNC Bank", "Truist", "U.S. Bank" və "Wells Fargo" banklarının birgə mülkiyyətindədir.
SAMİRƏ