Noyabrın 17-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Başqırdıstan Respublikasının Ufa və Salavat şəhərlərinə kütləvi hücum həyata keçirib. Bu barədə respublikanın Fövqəladə Hallar üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Rusiya Müdafiə Nazirliyinin qüvvələri, müəssisələrin mühafizə bölmələri və mobil atəş qrupları 50-dən çox dronu vurub. Yerli sakinlər Salavat şəhərinin sənaye zonasında partlayışlar və güclü yanğın müşahidə etdiklərini bildiriblər. Yanğının tüstüsü səhər saatlarında təxminən 17 kilometr məsafədə yerləşən Sterlitamak şəhərindən də görünüb.
“Astra” nəşrinin şahidlərin çəkdiyi görüntülər əsasında apardığı təhlilə görə, hücumun hədəfi Rusiyanın ən böyük neft-kimya komplekslərindən biri olan “Qazprom neft-kimya Salavat” müəssisəsi olub.
1948-ci ildə əsası qoyulan müəssisə neft emalı və qaz-kimya zavodlarını birləşdirir. Burada benzin, dizel yanacağı, kerosin, mazut, polietilen, polistirol, ammonyak, karbamid və butil spirtləri istehsal olunur.
Məlumata görə, müəssisə istehsal etdiyi yanacağın bir hissəsini Rusiya hərbi qüvvələrinə, bir sıra neft-kimya məhsullarını isə müdafiə sənayesi müəssisələrinə tədarük edir.
Qeyd edək ki, bu kompleks oktyabrın 8-də də Ukrayna PUA-larının hücumuna məruz qalmışdı. Həmin vaxt neft emalı zavodunun ərazisində yanğın baş vermişdi.
Bundan başqa, ötən gecə Ukrayna Silahlı Qüvvələri Kursk şəhərindəki “Sadovaya” elektrik yarımstansiyasına da hücum edib. Bu yarımstansiya şəhərin təxminən 400 min sakininin və iri sənaye müəssisələrinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayır.
Tahir TAĞIYEV