Beynəlxalq münasibətlər sistemində böyük güclər arasında aparılan danışıqların formatı və iştirakçıların tərkibi bəzən görüşün nəticələrindən heç də az əhəmiyyət daşımır. Çində keçirilməsi gözlənilən üçtərəfli görüşün Avropanın iştirakı olmadan və əvvəlcədən razılaşdırılmış vahid gündəlik müəyyən edilmədən baş tutması isə xüsusi maraq doğurur. Bu vəziyyət qlobal siyasi proseslərdə Avropanın rolunun zəifləməsi, böyük dövlətlərin beynəlxalq məsələləri öz aralarında həll etmək cəhdləri və yeni geosiyasi güc mərkəzlərinin formalaşması baxımından müxtəlif suallar yaradır.
Avropanın iştirakı olmadan və razılaşdırılmış gündəlik müəyyən edilmədən keçiriləcək bu üçtərəfli görüş real siyasi nəticələrə gətirib çıxara bilərmi? Belə bir format beynəlxalq münasibətlərdə yeni geosiyasi düzənin formalaşmasının göstəricisi sayıla bilərmi? Bu görüş tarixə konkret razılaşmalarla, yoxsa böyük güclərin dünyanı öz maraqları çərçivəsində bölüşdürmək cəhdinin növbəti nümunəsi kimi düşəcək?
Murad Sadəddinov: "Bu görüş dünya düzənində ciddi diplomatik dəyişikliklərə səbəb olmayacaq"
Politoloq Murad Sadəddinov məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ABŞ, Rusiya və Çin liderlərinin gözlənilən görüşü beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərə və yeni diplomatik imkanların yaranmasına gətirib çıxarmayacaq. Onun fikrincə, bu üç dövlət arasında mövcud olan ciddi geosiyasi və iqtisadi ziddiyyətlər hər hansı mühüm razılaşmanın əldə olunmasını çətinləşdirir.
Politoloq qeyd edib ki, hər üç liderin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Çində bir araya gəlməsi görüşün keçirilməsini texniki baxımdan asanlaşdırır. Lakin bu təmasın ciddi siyasi nəticələr doğuracağına dair əsaslar yoxdur. Çünki belə mühüm görüşlərdən əvvəl konkret gündəlik müəyyənləşdirilməli, müzakirə olunacaq məsələlər üzrə uzunmüddətli hazırlıq işləri aparılmalıdır. Hazırda isə görüşün gündəliyi ilə bağlı aydınlıq yoxdur və tərəflərin hansı məsələləri müzakirə edəcəyi barədə müxtəlif ehtimallar səsləndirilir.
Murad Sadəddinovun sözlərinə görə, nüvə silahlarının məhdudlaşdırılması məsələsinin müzakirə olunacağı ehtimalı da bu görüşün mühüm nəticələr verəcəyini söyləməyə əsas yaratmır. Çünki ABŞ və SSRİ arasında vaxtilə imzalanmış strateji silahların məhdudlaşdırılması sazişlərindən əvvəl uzunmüddətli danışıqlar və ciddi hazırlıq prosesi həyata keçirilmişdi. İndiki görüş ərəfəsində isə belə bir hazırlığın aparıldığı müşahidə olunmur.
Politoloq hesab edir ki, bu görüşü yeni Yalta razılaşması kimi təqdim etmək də düzgün yanaşma deyil. Onun fikrincə, Yalta konfransında İkinci Dünya müharibəsinin qalib dövlətləri məğlub ölkələrin, xüsusilə Almaniyanın gələcək taleyi ilə bağlı qərarlar qəbul edirdilər. Hazırkı geosiyasi şərait isə tamamilə fərqlidir. Rusiya Ukrayna müharibəsində qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib, ABŞ-la Çin arasında davam edən iqtisadi və ticarət rəqabəti də tərəflər arasında ciddi fikir ayrılıqlarını aradan qaldırmayıb.
Murad Sadəddinovun qənaətinə görə, görüşün əsas məqsədi daha çox hər üç liderin öz ölkəsinin ictimaiyyətinə və seçicilərinə beynəlxalq səviyyədə fəal diplomatik təmaslarda iştirak etdiklərini göstərmək ola bilər. Buna görə də bu görüşdən dünya nizamını dəyişəcək və ya beynəlxalq diplomatiyada yeni mərhələ açacaq ciddi nəticələr gözləmək real deyil.
Dəniz NƏSİRLİ