“Strateji Tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələrimizi daha da gücləndirəcək. Buraya süni intellekt və rəqəmsal transformasiyanın sürətləndirilməsi, insanların zəruri bacarıqlarla təmin olunması və mühüm sahələrdə gələcəyin iş yerlərinin yaradılması daxildir. Ələt Azad İqtisadi Zonasında Britaniya şirkətləri ilə birlikdə qabaqcıl məlumat mərkəzi infrastrukturunun inkişafı istiqamətində fəal əməkdaşlıq edirik.
Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir. Böyük Britaniya uzun illərdir ki, Azərbaycanın Dövlət Proqramı üzrə təhsil alan tələbələri üçün ən populyar istiqamətdir. Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən “Chevening” təqaüd proqramı istedadlı azərbaycanlılara magistr təhsillərini Böyük Britaniyada davam etdirmək imkanı yaradır. 2027/28 tədris ili üçün son yeddi ilin ən yüksək müraciət sayını qeydə almaqdan qürur duyuruq.
Tələbələrimiz, tədqiqatçılarımız, müəllimlərimiz və təhsil müəssisələrimiz arasında mövcud əlaqələri gücləndirməyə davam edirik. British Council 1993-cü ildən etibarən Azərbaycanda bu işdə mühüm rol oynayır. Mövcud tərəfdaşlıqları daha da genişləndiririk – Warwick
Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Bərpa Olunan Enerji” ixtisası üzrə birgə magistr proqramı çərçivəsində əlavə dörd tələbə qrupunun təhsilinə başlayıb”. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında bildirib.
İradə SARIYEVA