Ukraynanın növbəti hücumundan sonra Krım körpüsünün tağlarından biri və avtomobil yolunun bir hissəsi dənizə düşüb. Hadisədən sonra körpüdə həm avtomobil, həm də dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb.
Bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, noyabrın 16-dan 17-nə keçən gecə baş verən ikinci PUA hücumundan sonra Krım körpüsünün avtomobil və dəmir yolu hissələrində hərəkət müvəqqəti olaraq dayandırılıb.
Qurum körpüyə dəymiş zərərin qiymətləndirildiyini bildirib. Sürücülərə Krım körpüsü istiqamətində hərəkət etməmək və vəziyyətlə bağlı rəsmi məlumatları izləmək tövsiyə olunub.
Bu arada, Rusiya və Ukrayna monitorinq teleqram kanalları körpünün yeni fotolarını yayımlayıblar. Görüntülərdə körpünün əvvəlki iki tağından yalnız birinin qaldığı görünür.
Teleqram kanallarının məlumatına görə, hücum nəticəsində ikinci tağ və avtomobil yolunun bir hissəsi dənizə çöküb.
Hadisənin bütün təfərrüatları və körpüyə dəymiş zərərin miqyası hələlik tam açıqlanmayıb.
Bu arada, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Krım körpüsünə qarşı həyata keçirilən xüsusi əməliyyatın təfərrüatlarını açıqlayıb. Bildirilib ki, Ukraynanın digər müdafiə qüvvələri ilə birgə hazırlanan çoxmərhələli əməliyyat nəticəsində körpünün metal tağlarından biri və onun altındakı avtomobil yolu aşırımı tamamilə dağıdılıb.
SBU-nun və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, xüsusi əməliyyat təxminən bir ay davam edib və yeddi mərhələdən ibarət olub.
İlk mərhələdə SBU və Ukrayna müdafiə qüvvələri Rusiya hava hücumundan müdafiə sistemlərinə sistemli zərbələr endiriblər. Daha sonra Krım körpüsünə birbaşa hücumlar həyata keçirilib. Bu zərbələrin bir hissəsi SBU tərəfindən müstəqil şəkildə təşkil olunub, son mərhələdə isə Ukraynanın digər müdafiə strukturları da əməliyyata qoşulub.
SBU-nun məlumatına görə, xüsusi xidmətin “Alfa” xüsusi təyinatlı qrupunun hərbçiləri “Palianytsia” raket-dronları ilə Krım körpüsünün avtomobil yolu hissəsini vurublar. Nəticədə həmin hissə suya çöküb.
Əməliyyat zamanı Ukrayna istehsalı olan müxtəlif silah sistemlərindən istifadə edildiyi bildirilib. Bunların arasında “Dovbush”, “Vendeta”, “Da Vinçi”, “Sichen”, “Miş-2000”, “Ruta”, “Palianytsia”, “An-197”, FP-1, FP-5 “Flamingo” və R-360 “Neptun” yer alıb.
SBU qeyd edib ki, bu, Krım körpüsünə qarşı həyata keçirilən dördüncü hücum olub.
Tahir TAĞIYEV