Xaqani Cəfərli:“Bu format yalnız Qara dənizdə enerji layihələrinin həyata keçirilməsində...”
Rumıniya Qara dəniz bölgəsində təhlükəsizlik və əlaqələndirmə mövzusunda Azərbaycan, Ermənistan və Türkiyə ilə danışıqlar aparmağı planlaşdırır. Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulesk bunu Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlayıb
O, Şura iclasından sonra Qara dəniz bölgəsinə yönəlmiş ayrıca nazirlər görüşünün planlaşdırıldığını aydınlaşdırdı. Tədbirdə Avropa İttifaqının tərəfdaşları iştirak edəcək.
Nazir bildirib ki, "Yalnız əlaqələndirmə deyil, həm də təhlükəsizlik məsələlərini müzakirə etmək vacibdir. Bu, çox vacibdir və tərəfdaşlarımızın fikirləri də çox vacibdir".
O, Buxarestin bu məsələləri regional tərəfdaşlarla müzakirə etməyə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Yaradılacaq bu yeni formatın əhəmiyyəti nədir?
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, Rumıniyanın Azərbaycan, Ermənistan və Türkiyə ilə Qara dəniz bölgəsində təhlükəsizlik və əlaqələndirmə danışıqlar aparmaq istəyi ilk baxışda təəccüblü görünə bilər. “Çünki, Azərbaycan və Ermənistan Qara dənizə çıxışı olmayan, ümumiyyətlə açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Qara dənizə çıxışı olmayan ölkələrlə hazırda dünyanın ən təhlükəli su hövzəsinə çevrilən Qara dənizdə effektli təhlükəsilik sistemi yaratmasə qeyri-mümkündür. Ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi dayanmaya qədər Qara dənizdə gəmiçilik təhlükəli olacaq”.
X.Cəfərli hesab edir ki, dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkətinin məlumatına görə, bu il Qara dənizdə gəmilərə 300-dən çox hücum baş verib. “Nəticədə 30-dan çox dənizçi həlak olub, 20-dən çoxu isə itkin düşüb. Qara dənizdə belə bir vəziyyətin hökm sürdüyü bir vaxtda Rumıniya bu təşəbbüsünün hansı məqsəd daşıdığı sona kimi aydın deyil.
Bu format yalnız Qara dənizdə enerji layihələrinin həyata keçirilməsində müəyyən rol oynaya bilər. Ancaq bu halda belə Ermənistanın rolunun nədən ibarət ola biləcəyi tam aydın deyil”-deyə X.Cəfərli vurğuladı.
Qeyd edək ki, bəzi təhlilçilərin fikrincə, Rumıniyanın xarici işlər naziri Dan Nekuleskun təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Türkiyənin iştirakı ilə Qara dəniz bölgəsində planlaşdırılan bu yeni formatın əhəmiyyəti bir neçə strateji istiqamətlə bağlıdır. Ekspertlərə görə, Qara dənizdə ticarət gəmilərinə qarşı son hücumlar, dron zərbələri və hərbi risklər fonunda region dövlətləri arasında təhlükəsizliyin əlaqələndirilməsi və naviqasiya azadlığının qorunması həyati əhəmiyyət daşıyır.
Qeyd olunur ki, Rumıniya və Bolqarıstan tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə yaradılan dəniz müşahidəsi, məlumat mübadiləsi və təhlükəsizlik mərkəzinin fəaliyyətinin gücləndirilməsində regional tərəfdaşların (Türkiyə və Cənubi Qafqaz ölkələrinin) mövqelərinin nəzərə alınması vacibdir.
Burada ekspertlər nəqliyyat və enerji dəhlizlərinin şaxələndirilməsini də önə çəkirlər. Belə ki, Avropa ilə Asiya arasında Alternativ Ticarət yolları, xüsusilə Orta Dəhliz (Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu) və Qafqaz üzərindən keçən əlaqələr bu format vasitəsilə nəqliyyat əlaqələrinin (connectivity) və logistikanın inkişafına təkan verir.
Ekspertlər hesab edirlər ki, Azərbaycan və Ermənistanın eyni platformada Türkiyə və Rumıniya (Aİ/NATO üzvü) ilə bir araya gəlməsi regional əməkdaşlıq üçün dialoq mühiti yaradır, Avropa İttifaqının Qara dəniz və Cənubi Qafqaz regionu ilə əlaqələrini dərinləşdirir.
İradə SARIYEVA