Son dövrlər dünyanın müxtəlif ölkələrində süni intellekt mərkəzlərinin və iri məlumat emalı infrastrukturlarının tikintisinə qarşı etirazlar genişlənir. ABŞ-ın müxtəlif ştatlarında, eləcə də Şotlandiya, Almaniya və Fransada yerli sakinlər bu obyektlərin inşasına etiraz edirlər. Narazılıqların əsas səbəbləri sırasında məlumat mərkəzlərinin böyük həcmdə elektrik enerjisi və su istehlak etməsi, ətraf mühitə mümkün təsirləri, torpaq resurslarından istifadə və yerli əhali üçün kommunal xərclərin artması ilə bağlı narahatlıqlar dayanır. Bir tərəfdən süni intellekt texnologiyaları gələcəyin iqtisadi inkişafının əsas istiqamətlərindən biri hesab olunur, digər tərəfdən isə bu texnologiyaların infrastrukturu ciddi sosial və ekoloji mübahisələr yaradır.
Süni intellekt mərkəzlərinin tikintisinə etirazların genişlənməsi nə ilə bağlıdır? Bu narazılıqlar texnoloji inkişafın yaratdığı real iqtisadi və ekoloji risklərdən qaynaqlanır, yoxsa cəmiyyətin yeni texnologiyalara uyğunlaşma çətinliyinin nəticəsidir? Gələcəkdə bu etirazlar süni intellekt infrastrukturunun inkişafını ləngidə və ya dövlətləri bu sahədə siyasətlərinə yenidən baxmağa məcbur edə bilərmi?
XXI əsrdə elmi-texniki tərəqqinin əsas istiqamətlərindən birinə çevrilən süni intellekt artıq iqtisadiyyatın, sənayenin, tibbin, hərbi texnologiyaların və gündəlik həyatın müxtəlif sahələrində geniş tətbiq olunur. Bu texnologiyanın inkişafı yeni imkanlar yaratmaqla yanaşı, əmək bazarında iş yerlərinin azalması, sosial problemlərin dərinləşməsi və təhlükəsizlik riskləri ilə bağlı narahatlıqları da artırır. Bir sıra inkişaf etmiş ölkələrdə süni intellektlə işləyən müəssisələrin və böyük məlumat mərkəzlərinin tikintisinə etirazların olması da bu narahatlıqlardan qaynaqlanır.
Elşad Həsənov: "Süni intellektə ciddi nəzarət olunmalıdır, əks halda onun yaratdığı texnologiyalar dünyanın sonunu gətirib çıxara bilər"
Politoloq Elşad Həsənov süni intellektə qarşı etirazlarla əlaqədar "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, XX əsr elm və texnika əsri olduğu kimi, XXI əsrin xüsusilə son illəri süni intellektin sürətli inkişafı ilə xarakterizə olunur. Onun sözlərinə görə, bu texnologiya bəşəriyyətin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Süni intellektin tətbiqi bir çox sahələrdə böyük irəliləyişə səbəb olsa da, gələcəkdə müəyyən sosial problemlər də yarada bilər.
Politoloq qeyd edib ki, inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ və Qərb dövlətlərində süni intellekt əsasında fəaliyyət göstərən zavodların və məlumat mərkəzlərinin tikintisinə etirazlar müşahidə olunur. İnsanlar başa düşürlər ki, istehsalatda robotların və avtomatlaşdırılmış sistemlərin geniş tətbiqi gələcəkdə iş yerlərinin azalmasına, nəticədə isə işsizlik probleminin dərinləşməsinə səbəb ola bilər. Bununla belə, elmi-texniki tərəqqinin qarşısını almaq mümkün deyil və əsas məsələ onun yaratdığı riskləri düzgün idarə etməkdir.
E.Həsənovun fikrincə, süni intellektin formalaşmasında Azərbaycan əsilli dünya şöhrətli alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi də mühüm rol oynayıb. Bu elmi yanaşma mürəkkəb məsələlərin həllində yeni imkanlar açıb və müasir süni intellekt texnologiyalarının inkişafına töhfə verib.
O bildirib ki, hazırda süni intellekt tibbdə cərrahi əməliyyatların həyata keçirilməsindən tutmuş dərmanların hazırlanmasına, məlumatların təhlilinə və müxtəlif xidmətlərin göstərilməsinə qədər geniş sahələrdə tətbiq olunur. İnsanların əvvəllər yalnız özlərinin yerinə yetirə bildiyi bir çox işlər artıq süni intellekt vasitəsilə icra edilir. Bunlar isə hələ başlanğıcdır. Gələcəkdə daha mükəmməl texnologiyaların yaradılması və insan həyatının müxtəlif sahələrində tətbiqi gözlənilir.
Politoloq süni intellektin inkişafı ilə yanaşı, ona nəzarət məsələsinin də aktuallaşdığını vurğulayıb. Onun sözlərinə görə, bu sahənin aparıcı nümayəndələri və texnologiya şirkətlərinin rəhbərləri belə süni intellektin nəzarətsiz inkişafının mümkün təhlükələrindən narahatdırlar. Buna görə də yeni texnologiyaların tətbiqi ilə paralel olaraq onların təhlükəsizliyini təmin edən mexanizmlər yaradılmalıdır.
E.Həsənov elektron çiplərin istehsalını da gələcəyin əsas texnoloji istiqamətlərindən biri kimi qiymətləndirib. Qeyd edib ki, müasir dünyada çiplər elektronika və yüksək texnologiyaların əsasını təşkil edir. Bu sahədə Tayvanın xüsusi mövqeyi var. Kiçik əraziyə malik olmasına baxmayaraq, ölkə çip istehsalı və ixracı hesabına böyük iqtisadi gəlirlər əldə edir. ABŞ-da da yarımkeçiricilər sənayesinin inkişafına böyük investisiyalar yatırılır və iri istehsal müəssisələrinin yaradılması istiqamətində addımlar atılır.
Politoloq diqqətə çatdırıb ki, Azərbaycanın da sovet dövründə elektron çip istehsalı sahəsində müəyyən sənaye təcrübəsi olub. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda yaradılan "Ozon” zavodu həmin dövrdə mühüm istehsal müəssisələrindən biri idi. Zavodun məhsulları SSRİ-nin müxtəlif bölgələrinə göndərilirdi. Lakin Sovet İttifaqının dağılmasından sonra müəssisə əvvəlki bazarını itirib və fəaliyyətini dayandırıb. E.Həsənov hesab edir ki, Azərbaycanın vaxtilə bu sahədə istehsal bazasına malik olması mühüm təcrübədir və həmin potensialın qorunub inkişaf etdirilməməsi təəssüf doğurur.
O, süni intellektin hərbi sahədə tətbiqinə də toxunaraq bildirib ki, pilotsuz uçuş aparatlarının geniş istifadəsi müasir müharibələrin xarakterini əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın 44 günlük Vətən müharibəsində pilotsuz uçuş aparatlarından səmərəli istifadə etməsi də bu texnologiyaların hərbi əməliyyatlarda əhəmiyyətini nümayiş etdirib. Hazırda dünyanın müxtəlif bölgələrində baş verən müharibələrdə pilotsuz sistemlər mühüm rol oynayır.
Politoloqun qənaətinə görə, yaxın gələcəkdə sürücüsüz avtobusların və taksilərin geniş yayılması, istehsalatın daha çox avtomatlaşdırılması və yeni texnoloji infrastrukturun yaradılması gözlənilir. Bütün bunlar iqtisadi inkişaf üçün əlavə imkanlar açacaq. Bununla yanaşı, texnoloji tərəqqinin müəyyən ekoloji risklər yaratması da istisna deyil. Lakin süni intellekt gələcəkdə ətraf mühitin qorunması, çirklənmənin azaldılması və ekoloji problemlərin həlli istiqamətində də mühüm vasitəyə çevrilə bilər.
E.Həsənov hesab edir ki, süni intellektə qarşı çıxmaq əvəzinə, onun imkanlarından düzgün istifadə etmək və mümkün təhlükələrə ciddi nəzarət mexanizmləri yaratmaq lazımdır. Çünki gələcəyin texnoloji və iqtisadi inkişafı məhz bu sahənin tərəqqisi ilə sıx bağlı olacaq.
Akif NƏSİRLİ