“Avropanın enerji xəritəsində baş verən dəyişikliklər Azərbaycanın siyasi imkanlarını genişləndirir. Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti zamanı bir sıra Avropa liderləri Azərbaycan qazının tədarükünün artırılması və Bakı ilə əməkdaşlığın genişləndirilməsi barədə danışıblar. Xəzər dənizinin enerji ehtiyatları Avropanın təhlükəsizlik hesablamalarında getdikcə daha böyük yer tutur. Bu dəyişikliklər Ermənistan üçün də birbaşa əhəmiyyət daşıyır”. Bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Qeyd olunur ki, Ukraynadakı müharibə Avropanı onilliklər ərzində formalaşmış enerji siyasətinə yenidən baxmağa məcbur etdi: “Rusiya qazı uzun müddət qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın əsası hesab olunurdu. Avropa sənayesi zəruri enerji resursları əldə edir, Moskva isə böyük gəlirlər və siyasi təsir qazanırdı. 2022-ci ildən sonra Avropa paytaxtlarında bu münasibətlərin strateji nəticələrini dərk etməyə başladılar. Enerji təhlükəsizliyi xarici siyasətin prioritetlərindən birinə çevrildi. Soyuq müharibə illərində Qərbi Avropa ilə Sovet İttifaqı arasında qaz əməkdaşlığı siyasi gərginliyi azaltmaq imkanı kimi də qəbul edilirdi. Sonrakı onilliklərdə formalaşan enerji münasibətləri tədricən Moskvaya Avropanın qərarlarına təsir göstərmək üçün əlavə rıçaqlar qazandırdı. Hazırda Avropa bu mirasdan qurtulmağa, enerji təchizatçılarının dairəsini genişləndirməyə çalışır. Azərbaycan da bu prosesin faydalanan tərəflərindən birinə çevrilib. Bakı üçün bu, iqtisadi uğurdan daha böyük əhəmiyyət daşıyır. Enerji əməkdaşlığı onun Avropa paytaxtlarındakı siyasi çəkisini artırır, yeni ortaq maraqlar yaradır və diplomatik imkanlarını genişləndirir”. Nəşr Avropaya münasibətdə məyusluğa qapılmağı siyasi səhv hesab edir. Məqalədə bildirilir ki, beynəlxalq münasibətlərdə mənəvi prinsiplər və milli maraqlar daim qarşılıqlı təsirdə olur, Avropa İttifaqı ilə əməkdaşlıq isə Ermənistan üçün təhlükəsizlik və inkişaf baxımından mühüm imkan olaraq qalır: “Sadəcə, İrəvan Avropa qərarlarının iqtisadi əsaslarını daha yaxşı anlamalı və bu sistemdə öz əhəmiyyətini formalaşdırmalıdır. Avropaya alternativ enerji mənbələri, təhlükəsiz kommunikasiya xətləri və Mərkəzi Asiyaya uzanan ticarət marşrutları lazımdır: “Ermənistan coğrafi mövqeyindən istifadə edərək bu proseslərdə iştirak edə bilər. Qara dəniz regionunu Xəzər hövzəsi ilə birləşdirən avtomobil və dəmir yollarının, elektrik ötürücü şəbəkələrin, eləcə də rəqəmsal infrastrukturun inkişafı ölkənin iqtisadi və siyasi rolunu genişləndirə bilər. Bu baxımdan Vaşinqton razılaşmaları və TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır. Regional kommunikasiyaların açılması Cənubi Qafqazın iqtisadi münasibətlərini dəyişə, beynəlxalq investisiyalar üçün yeni imkanlar yarada və Ermənistanı daha böyük ticarət sistemlərinə daxil edə bilər. Lakin bu perspektivin hələ praktik nəticələrə çevrilməsi lazımdır. Coğrafi mövqe öz-özlüyündə siyasi güc yaratmır. Süveyş kanalının açılmasından sonra Misirin tarixi nümunədir. XIX əsrdə kanalın istifadəyə verilməsi Misiri dünya ticarətinin mühüm qovşağına çevirsə də, onun strateji əhəmiyyəti böyük dövlətlərin müdaxiləsinə səbəb olmuşdu. Beynəlxalq kommunikasiya qovşağı olmaq iqtisadi inkişafla yanaşı, siyasi çətinliklər də yarada bilər. Əsas məsələ ölkənin bu imkanları öz maraqlarına xidmət etdirmək bacarığıdır. Ermənistan üçün əsas problem məhz budur. Yeni yollar ölkənin iqtisadi imkanlarını artırmalı, suverenliyini möhkəmləndirməli və beynəlxalq tərəfdaşların Ermənistanın inkişafında iştirakını genişləndirməlidir. Azərbaycan Avropa ilə münasibətlərində enerji üstünlüyündən artıq istifadə edir. Ermənistan isə kommunikasiya xətləri, texnologiyalar, enerji sistemləri və regional əməkdaşlıq üzərində qurulan öz strateji təklifini formalaşdırmalıdır. Bu təklif Avropa iqtisadiyyatı üçün cəlbedici olmalı və Ermənistanın uzunmüddətli təhlükəsizlik maraqlarına uyğun gəlməlidir. Kiçik dövlətlər beynəlxalq münasibətlərdə yaratdıqları imkanlar, iqtisadi əlaqələr və siyasi etibarlılıq sayəsində əhəmiyyət qazanırlar. Ermənistan üçün bu yol səbr, təşəbbüskarlıq və uzunmüddətli düşüncə tələb edir. Avropanın enerji sahəsində yenidən qurulması Cənubi Qafqazda siyasi hesablamaları artıq dəyişir”.
Tahir TAĞIYEV