ABŞ ilə İran arasında gərginlik davam edərkən, Amerika kəşfiyyatının Tehranın Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlardan istifadə etməklə hücum təşkil etmək imkanlarını nəzərdən keçirdiyinə dair məlumatlar əldə etdiyi iddia olunur.
CNN telekanalının adları açıqlanmayan yeddi ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, kəşfiyyat orqanları İranın ABŞ paytaxtında mümkün hücumlar üçün partlayıcı qurğuların hazırlanmasında istifadə edilə biləcək materialları ölkə daxilində toplaması ilə bağlı məlumatları müəyyən edib.
Rəsmilər kəşfiyyat məlumatlarının etibarlılıq dərəcəsi ilə bağlı fərqli fikirlər səsləndiriblər. Onların sözlərinə görə, hazırda bu planlar yaxın zamanda hücumun həyata keçiriləcəyinə dair konkret əlamət deyil, İranın mümkün hücum variantlarını nəzərdən keçirməsi ilə bağlı ola bilər.
ABŞ rəsmiləri, həmçinin Vaşinqton administrasiyasının İranın Yaxın Şərqdə yerləşən ABŞ hərbçilərinə qarşı kimyəvi silahlardan istifadə edə biləcəyinə dair başqa kəşfiyyat məlumatlarını da izlədiyini bildiriblər.
Ağ Evin mətbuat katibi Loren Bis bildirib ki, ABŞ mümkün təhlükələri diqqətlə izləyir, lakin hazırda ölkəyə qarşı inandırıcı təhlükə mövcud deyil.
ABŞ Prezidenti Donald Tramp isə İranın Vaşinqtonda “çirkli bomba” partlatmağa cəhd edə biləcəyi ilə bağlı məlumatları ciddi qəbul etdiklərini bildirib və belə bir hücumun baş verəcəyi təqdirdə Tehranın görünməmiş nəticələrlə üzləşəcəyini bəyan edib.
Medianın ABŞ kəşfiyyatının İranın Vaşinqtonda “çirkli bomba” hücumu planlaşdırması ehtimalını araşdırdığı barədə yaydığı məlumatı şərh edən prezident bu iddiaların diqqətlə araşdırıldığını bildirib.
Mümkün hücumun birbaşa təhlükə yaradıb-yaratmadığı barədə suala Tramp belə cavab verib: “Əgər belə bir təhlükə varsa, onlar tarixdə heç bir ölkənin ödəmədiyi bədəli ödəyəcəklər”.
O, hücumun qaçılmaz olub-olmadığına dair suala isə belə cavab verib: “Ümid edirəm ki, yox. Lakin biz buna çox ciddi yanaşırıq”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə bu iddiaları rədd edib. O, ABŞ və İsrailin əsassız məlumatlar yaymaqla İrana qarşı yeni təcavüz üçün informasiya zəmini yaratmağa çalışdığını bildirib.
Bəqayi sosial şəbəkədəki paylaşımında Vaşinqton və Təl-Əvivin İranın “çirkli bomba” hazırlaması ilə bağlı iddiaları da daxil olmaqla, müxtəlif ittihamlar yayaraq gələcək hücumlarına legitimlik qazandırmağa çalışdıqlarını qeyd edib. O, İranın istənilən təcavüzə uzun müddət yadda qalacaq şəkildə cavab verməyə hazır olduğunu vurğulayıb.
İran rəsmisi, həmçinin ölkənin bəndləri ilə raket bazaları arasında əlaqə yaradılması cəhdlərini mülki əhəmiyyətli infrastruktura zərbələr endirmək üçün bəhanə adlandırıb. Onun sözlərinə görə, ABŞ və İsrailin əvvəlki hücumları zamanı su anbarlarına və duzsuzlaşdırma qurğularına ziyan dəyib, nəticədə mülki əhalinin su təchizatında problemlər yaranıb.
İranın BMT-dəki daimi nümayəndəliyinin sözçüsü də yayılan iddiaları rədd edib. O, Tehranın kimyəvi silahların istifadəsini istənilən şəraitdə qanunsuz hesab etdiyini və bu istiqamətdəki ittihamların əsassız olduğunu bildirib.
Qeyd edək ki, “çirkli bomba” nüvə silahından fərqli olaraq, nüvə partlayışı yaratmır. Bu qurğular adi partlayıcı maddələrin radioaktiv materiallarla birləşdirilməsi yolu ilə hazırlanır. Partlayış nəticəsində radioaktiv maddələrin ətraf mühitə yayılması geniş ərazilərin çirklənməsinə və insanların sağlamlığı üçün təhlükə yaranmasına, təşvişə səbəb ola bilər.
Tahir TAĞIYEV