Arzuxan Əlizadə: “Bütün bunlar o demək deyil ki, yaxın vaxtlarda Türkiyə-Ermənistan sərhədləri açılacaq”
Türkiyənin “Turkish Airlines” aviaşirkətinin bölməsi olan “Turkish Cargo” İstanbul-İrəvan-İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirib. Bu barədə məlumatı Türkiyədə aviasiya sahəsi üzrə fəaliyyət göstərən “Aeroportist” portalı yayıb.
Sözügedən reys noyabrın 15-də baş tutub. Məlumata görə, “Turkish Airlines”ın yükdaşıma xidmətinin xüsusi reysi iki ölkə arasında etibarlı yük daşımalarını təmin etmək məqsədi daşıyır.
Onu da xatırladaq ki, “Turkish Airlines” 2026-cı ilin martından İstanbulla İrəvan arasında müntəzəm sərnişin reysləri həyata keçirir.
Maraqlıdır, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə ilk müntəzəm yük reyslərinin fəaliyyətə başlaması nəyə işarədir? Sonrakı proseslər necə olacaq?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, Qərb Türkiyəyə Ermənistanla sərhədlərin açılması ilə bağlı təzyiq göstərir: “Son dövrlər bu istiqamətdə aktivlik müşahidə edilir. Xüsusən də Avropa İttifaqı Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı daha çox canfəşanlıq göstərir. Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması məsələsi regional siyasətdə və Qərb ölkələrinin gündəmində aktual olaraq qalır. Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlərin tam açılması və diplomatik münasibətlərin bərpası Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından və regionda normallaşmadan birbaşa asılıdır. Qərb ölkələri Türkiyə-Ermənistan sərhədinin açılmasını, regional nəqliyyat və ticarət xətlərinin canlanmasını, eləcə də Cənubi Qafqazda sülh və əməkdaşlıq proseslərini dəstəkləyirlər. Ancaq Qərb sərhədlərin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasında əvvəl açılmasında maraqlıdır. Qərbdə hesab edirlər ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın Rusiyadan asılılığının azalmasına ciddi töhfə verəcək. Türkiyə isə Azərbaycanla olan münasibətlərdən çıxış edərək hələ ki, sərhədləri açmır. Yəni iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını gözləyir. Qərbin təzyiqlərindən yayınmaq üçün yeni təyyarə reysləri açır. Bir sözlə, bütün bunlar o demək deyil ki, yaxın vaxtlarda Türkiyə-Ermənistan sərhədləri açılacaq. İstənilən halda Ankara bu məsələdə rəsmi Bakının həssaslığını nəzərə alacaq”.
Vidadi ORDAHALLI