İlqar Hüseynli: “Əgər bu yanaşma real layihələrə çevrilərsə, Azərbaycan Xəzər sahillərinin turizm potensialından daha səmərəli yararlana bilər”
Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. 16 noyabr 2026-cı il tarixli fərmanda bildirilir ki, sahilboyu torpaqların idarə olunması, istifadəsi və mühafizəsi üzrə vahid dövlət siyasətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.
Sahildə idarəetmə və nəzarətdə iştirak edən dövlət qurumlarının fəaliyyətini də Xidmət əlaqələndirəcək. Bunun üçün Xidmətin işçi sayı həddi 40 ştat vahidi artırılır.
Yeni idarəetmə qaydasının əhatə dairəsindən adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədilə istifadə olunan ərazilər, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna edilir.
Nazirlər Kabineti altı ay ərzində su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyətini, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, habelə onun kağız və rəqəmsal formada qrafik təsvirini Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.
Hökumət eyni müddətdə sahilboyu əraziyə xüsusi status verilməsi, onun zonalaşdırılması və hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı təklifləri Prezidentə təqdim edəcək. Təkliflər ətraf mühitin mühafizəsi, iqtisadi fəaliyyət, turizm və istirahət sahələrində dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyətini də əhatə edəcək.
Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, dünya təcrübəsinə nəzər salsaq görərik ki, bir çox ölkələrdə dəniz, göl və digər təbii su hövzələrinin ətrafındakı ərazilər turizmin inkişafı baxımından mühüm iqtisadi resurs hesab olunur. “Həmin ərazilərdən səmərəli istifadə edilir, sahilyanı zonalarda müasir hotellər, turizm kompleksləri, istirahət mərkəzləri və ictimai xidmət obyektləri yaradılır.
Məsələn, Türkiyənin Bodrum bölgəsinin beynəlxalq turizm məkanına çevrilməsinin əsas səbəblərindən biri onun dəniz sahillərindən məqsədyönlü istifadə olunması, burada çoxsaylı hotel komplekslərinin, istirahət və əyləncə mərkəzlərinin yaradılmasıdır. Nəticədə turizm ölkə iqtisadiyyatına ciddi gəlir gətirir, xarici valyuta axınını artırır, yeni iş yerləri yaradır və yerli iqtisadiyyatın inkişafına təkan verir.
Təəssüf ki, Azərbaycanda Xəzər dənizinin sahilyanı ərazilərindən istifadəyə yanaşma uzun müddət fərqli olub. Bir çox sahələrdə bu ərazilər turizm və ictimai istirahət infrastrukturu yaratmaq əvəzinə, ayrı-ayrı şəxslərin fərdi mülkiyyətində olan tikililərin, villaların və ailə təsərrüfatlarının qurulması üçün istifadə edilib.
Təsəvvür edin, Bakıdan Qarabağ istiqamətində uzanan Xəzər sahillərinin böyük bir hissəsində əhalinin sərbəst şəkildə istifadə edə biləcəyi müasir ictimai çimərliklərə, turizm komplekslərinə və istirahət mərkəzlərinə rast gəlmək çətindir”. İ.Hüseynli vurğuladı ki, bir sıra sahilyanı ərazilər hasarlanaraq, zəruri hallarda ictimaiyyətin istifadəsindən kənarda saxlanılıb. “Bu isə həm turizm potensialının məhdudlaşdırılması, həm də insanların dəniz sahillərindən sərbəst istifadə imkanlarının azalması deməkdir.
Bu baxımdan, sahilyanı ərazilərin idarə olunması və istifadəsi ilə bağlı İqtisadiyyat Nazirliyi xətti ilə həyata keçirilən yeni yanaşma və planlar xüsusi maraq doğurur. Görünən odur ki, əsas məqsədlərdən biri həmin ərazilərin fərdi yaşayış evləri və şəxsi villalar üçün deyil, turizm təyinatlı obyektlərin, ictimai istirahət məkanlarının və geniş əhali kütləsinin faydalana biləcəyi infrastrukturun yaradılması üçün istifadəsinə şərait yaratmaqdır.
Əgər bu yanaşma real layihələrə çevrilərsə, Azərbaycan Xəzər sahillərinin turizm potensialından daha səmərəli yararlana bilər. Bu, həm ölkəyə xarici turist axınının artırılması, həm yeni iş yerlərinin yaradılması, həm də dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması baxımından əhəmiyyətli olacaq.
Əsas məsələ ondan ibarətdir ki, Xəzərin sahilləri yalnız ayrı-ayrı şəxslərin istirahət məkanına çevrilməməli, bütövlükdə cəmiyyətin istifadəsinə açılmalı, ölkənin iqtisadi və turizm inkişafına xidmət etməlidir.
İndi maraqlıdır, bu planlar praktikada necə həyata keçiriləcək və qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail olunacaq? Hələlik gözləyək və nəticələri görək. Mənim ilkin qənaətim bundan ibarətdir ki, sahilyanı ərazilərin ictimai və turizm məqsədləri üçün istifadəsinə üstünlük verilməsi Azərbaycanın iqtisadi maraqlarına daha çox uyğun gəlir”-deyə İ.Hüseynli qeyd etdi.
İradə SARIYEVA