İran ordusu Küveytdə ABŞ Silahlı Qüvvələrinin istifadə etdiyi Əli əl-Salem aviabazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bəyan edib.
İranın IRNA agentliyinin məlumatına görə, hücum zamanı aviabazada yerləşdirilən ABŞ-a məxsus pilotsuz uçuş aparatları və raket qurğuları hədəfə alınıb.
İran ordusunun açıqlamasına görə, zərbələr aviabazada yerləşdirilən ABŞ PUA-larını, raket buraxılış qurğularını və “Patriot” hava hücumundan müdafiə sistemlərini hədəf alıb. Bu barədə İranın IRNA dövlət agentliyi məlumat yayıb.
Hücumla bağlı açıqlama Küveyt ordusunun hava hücumundan müdafiə qüvvələrinin “düşmən pilotsuz uçuş aparatlarının” hücumunu dəf etdiyini bildirməsindən sonra verilib. Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı eşidilə biləcək partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin hədəfləri zərərsizləşdirməsi ilə əlaqədar olduğunu açıqlayıb.
Bununla belə, Küveyt tərəfi İranın aviabazadakı ABŞ hərbi obyektlərinə zərbə endirməsi barədə iddianı təsdiqləməyib. Hücum nəticəsində mümkün dağıntılar və itkilər barədə də rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, Əli əl-Salem aviabazası Küveytdə yerləşir və ABŞ hərbçiləri tərəfindən regiondakı hərbi əməliyyatların logistik təminatı və qüvvələrin daşınması üçün istifadə olunur. İranın açıqladığı hücum ABŞ-ın Qeşm adasındakı raket buraxılış qurğusuna endirdiyi hava zərbələrindən saatlar sonra baş verib.
“Reuters” ABŞ Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb ki, ABŞ hərbçiləri çərşənbə axşamı İran ərazisinə yeni hava zərbələri endirib.
Məlumata görə, ABŞ qırıcıları İranın Qeşm adasında yerləşən raket buraxılış qurğusunu hədəfə alıb. Zərbələrin İranın ABŞ hərbçilərinə və obyektlərinə hücumlarına cavab olaraq həyata keçirildiyi bildirilib.
ABŞ hərbi rəsmisi əməliyyatla bağlı əlavə təfərrüat açıqlamayıb.
Beləliklə, ABŞ və İran arasında qarşılıqlı zərbələr fonunda Fars körfəzi regionunda hərbi gərginlik daha da artır. Bununla belə, İranın hücumun nəticələri ilə bağlı açıqladığı məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.
Tahir TAĞIYEV