ABŞ Prezidenti Donald Trampın ictimai dəstək səviyyəsi rekord dərəcədə aşağı düşüb. "Reuters/Ipsos"un keçirdiyi sorğunun nəticələrinə görə, onun fəaliyyətini dəstəkləyən amerikalıların payı 32%-ə enib, respondentlərin 66%-i isə prezidentin fəaliyyətindən narazı olduğunu bildirib.
Sorğunun nəticələrinə əsasən, Trampın bəyənilmə reytinqi oktyabrın ortalarından etibarən ən aşağı səviyyədə qalır və indiyədək yüksəlməyib.
Araşdırmada ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına münasibət də öyrənilib. Respondentlərin yalnız 31%-i İrana qarşı müharibəni dəstəklədiyini bildirib, 64%-i isə hərbi əməliyyatlara qarşı olduğunu qeyd edib.
Bundan əlavə, sorğu iştirakçılarının təxminən 70%-i Tramp administrasiyasında korrupsiya və maraqlar toqquşması ilə bağlı narahatlığını ifadə edib.
Partiya mənsubiyyətinə görə nəticələr fərqlənir. Respublikaçıların 75%-i Donald Trampı, 77%-i vitse-prezident Cey Di Vensi, 70%-i isə dövlət katibi Marko Rubionu müsbət qiymətləndirib. Demokratlar arasında isə Nümayəndələr Palatasında azlığın lideri Hakim Cefrisin reytinqi 40%, senator Çak Şumerin göstəricisi 34% olub.
Qeyd edək ki, "Reuters/Ipsos" sorğusu noyabrın 13-16-da onlayn formatda keçirilib. Tədqiqatda ABŞ üzrə 1 521 yetkin vətəndaş iştirak edib. Sorğunun statistik xəta payı təxminən 3 faiz bəndi təşkil edir.
Tahir TAĞIYEV