ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi məlumatların mübadiləsi üçün istifadə etdiyi daxili rabitə şəbəkəsində genişmiqyaslı texniki problem yaranıb.
CNN telekanalının altı mənbəyə istinadən yaydığı məlumata görə, agentlik əməkdaşlarının məxfi məlumatları təhlükəsiz şəkildə paylaşması üçün nəzərdə tutulan "NSA Net" rabitə sistemi fəaliyyətini dayandırıb.
Nasazlığın miqyası və hansı bölmələrə təsir etdiyi hələlik müəyyənləşdirilməyib. Agentliyin texniki mütəxəssisləri problemin səbəbini və onun əhatə dairəsini araşdırırlar.
CNN-ə danışan mənbələr bildiriblər ki, sistemin fəaliyyətində yaranan fasilənin kiberhücum nəticəsində baş verdiyinə dair indiyədək heç bir sübut aşkar edilməyib.
Hadisədən sonra NSA əməkdaşları üçün işə mərhələli başlama rejimi tətbiq olunub.
CNN məsələ ilə bağlı NSA-dan açıqlama istəyib. Lakin rabitə şəbəkəsindəki nasazlığın səbəbi və sistemin nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil.
Tahir TAĞIYEV