Almaniya Rusiyanın Cənubi Qafqazda təsirinin artmasının qarşısını almaq üçün Avropanın Azərbaycan və Ermənistanla siyasi, iqtisadi və enerji əməkdaşlığını gücləndirməsini vacib hesab edir. Almaniyanın xarici işlər naziri Yohann Vadefulun sözlərinə görə, Avropa regionda Rusiyanın mövqelərinin möhkəmlənməsinə imkan verməməli, Ermənistanı Avropaya daha da yaxınlaşdırmalıdır. O, Ukrayna müharibəsinin Rusiyanın təsir dairəsinin genişlənməsinin mümkün nəticələrini göstərdiyini vurğulayıb.
Vadeful Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını da Avropa üçün mühüm geosiyasi fürsət hesab edir. Onun fikrincə, tərəflər artıq müqavilə mətninin əsas müddəaları ilə razılaşıblar və Avropa bu prosesə dəstək verməlidir. Almaniya Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsində də maraqlıdır. Nazir Azərbaycanın Avropanın, o cümlədən Almaniyanın neft və qaz təchizatının şaxələndirilməsində mühüm tərəfdaş olduğunu bildirib. Bununla yanaşı, Berlin Azərbaycanla insan hüquqları məsələlərini də müzakirə etmək niyyətindədir. Yəni Almaniya Cənubi Qafqazda Rusiyanın təsirini zəiflətmək, Ermənistanı Avropaya yaxınlaşdırmaq, Azərbaycanla enerji tərəfdaşlığını genişləndirmək və Bakı-İrəvan sülh prosesində Avropanın rolunu artırmaq istəyir. Almaniyanın Cənubi Qafqazda Rusiyanın təsirini azaltmaq niyyətini açıq şəkildə bəyan etməsi regionda yeni geosiyasi rəqabətin güclənməsindən xəbər verirmi? Berlinin Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək, Ermənistanı isə Avropaya yaxınlaşdırmaq siyasəti regionda qüvvələr balansına və Azərbaycanın maraqlarına necə təsir edə bilər?
İlqar Vəlizadə: "Regiondakı maraqları Almaniya deyil, biz özümüz müəyyənləşdirməlidir"
Politoloq İlqar Vəlizadə məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanla Almaniya arasında əməkdaşlığın gələcək perspektivləri və regional proseslərə təsiri hadisələrin sonrakı inkişafından, tərəfdaşlığın hansı səviyyəyə çatacağından asılı olacaq.
Onun sözlərinə görə, burada əsas məsələ əməkdaşlığın sadəcə siyasi bəyanatlar və diplomatik təmaslarla məhdudlaşmaması, real iqtisadi və strateji məzmun kəsb etməsidir. Xüsusilə enerji sahəsində, sənaye, texnologiya, ticarət və digər istiqamətlərdə əməkdaşlığın hansı miqyasda genişlənəcəyi mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq kifayət qədər dərin və əhəmiyyətli olarsa, Almaniyanın regiondakı iqtisadi və siyasi mövqelərini gücləndirə bilər. Lakin Almaniyanın bu yolla Rusiyanın və digər regional güclərin təsirini məhdudlaşdırmaq imkanlarını şişirtmək də düzgün olmazdı. Politoloq hesab edir ki, regionda Rusiya, İran və digər qonşu dövlətlərin müəyyən təsir imkanlarının mövcudluğu obyektiv reallıqdır. Bu təsirlərin tamamilə aradan qaldırılması nə real, nə də Azərbaycan üçün düzgün hədəfdir. Əsas məsələ həmin təsirlərin hansı həddə və hansı istiqamətdə olacağını müəyyənləşdirməkdir. Bu isə kənar güclərin deyil, ilk növbədə region dövlətlərinin, xüsusilə Azərbaycanın özünün siyasi iradəsindən və yürütdüyü balanslaşdırılmış xarici siyasətdən asılı olmalıdır. İ.Vəlizadənin fikrincə, Azərbaycanın Almaniya ilə əməkdaşlıqda maraqlı olması üçün kifayət qədər ciddi iqtisadi əsaslar var. Almaniya Avropanın aparıcı sənaye dövlətlərindən biri, böyük istehsal və istehlak bazarı, eyni zamanda texnologiya və investisiya imkanlarına malik mühüm tərəfdaşdır. Azərbaycan bu əməkdaşlıqdan iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni texnologiyaların cəlb edilməsi və ixrac imkanlarının genişləndirilməsi baxımından faydalana bilər. Politoloq vurğulayıb ki, beynəlxalq əməkdaşlığa geosiyasi rəqabət prizmasından yanaşmaq düzgün deyil. Azərbaycanın hansısa ölkə ilə tərəfdaşlıq qurmasının əsas məqsədi başqa bir dövləti regiondan sıxışdırıb çıxarmaq deyil, milli maraqlarına uyğun iqtisadi və siyasi dividendlər əldə etmək olmalıdır. Eyni yanaşma Almaniya ilə münasibətlərə də aiddir. Əgər təklif olunan əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verirsə, onun inkişaf etdirilməsi məqsədəuyğundur. O qeyd edib ki, Azərbaycan həm Almaniya, həm də digər dövlətlərlə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdır. Ancaq bu münasibətlər regionda yeni siyasi qarşıdurmaların yaranmasına və iqtisadi əməkdaşlığın geosiyasi mübahisələrin alətinə çevrilməsinə səbəb olmamalıdır. Hər bir dövlət regiondakı maraqlarını və tərəfdaşlıq istiqamətlərini özü müəyyənləşdirməlidir. Azərbaycanın xarici siyasətində də əsas prinsip məhz müstəqil qərarvermə, milli maraqların qorunması və müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi olmalıdır. Dəniz NƏSİRLİ