Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında ilk dəfə üçtərəfli görüş keçirilir. Danışıqlar Çinin Şencen şəhərində APEC sammiti çərçivəsində baş tutub.
“İnterfaks”ın məlumatına görə, Putin və Rusiya nümayəndə heyəti Trampla ikitərəfli görüşdən sonra bir qədər dincəlmək üçün Şencendəki otellərinə qayıdıblar. Daha sonra nümayəndə heyəti üçtərəfli görüşün keçirildiyi “Silin Şançjuan” dövlət iqamətgahına gəlib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Üçtərəfli görüşün əsas mövzularından biri nüvə silahlarının azaldılmasıdır. Görüşdən əvvəl Tramp bildirib ki, dünyanın üç böyük nüvə dövləti nüvə arsenalının ixtisarı və bu silahların tətbiqi riskinin azaldılması məsələlərini müzakirə etmək üçün unikal imkana malikdir.
ABŞ Prezidenti, həmçinin nüvə silahlarının digər ölkələrdə yayılmasının qarşısının alınması üçün Vaşinqton, Moskva və Pekinin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. O, İranın heç vaxt nüvə silahına sahib olmayacağını bir daha bəyan edib.
Putin isə üç ölkənin regional münaqişələrin, o cümlədən Ukrayna müharibəsinin həlli ilə bağlı bir sıra ortaq maraqlarının olduğunu bildirib. O, görüşün təşkilinə görə Si Cinpinə təşəkkür edib.
Tramp da Ukrayna müharibəsinin üçtərəfli müzakirələrin gündəliyində olacağını təsdiqləyib. ABŞ liderinin sözlərinə görə, Putin müharibənin başa çatmasını istəyir və o, qarşı tərəfin də eyni mövqedə olacağına ümid edir.
Tramp üç ölkə rəhbərinin bütün dünyaya təsir edən məsələlər üzrə açıq, qarşılıqlı hörmətə əsaslanan və məhsuldar dialoq aparmaq kimi xüsusi məsuliyyət daşıdıqlarını qeyd edib.
Tahir TAĞIYEV