Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında Çinin Şençjen şəhərində APEC sammiti çərçivəsində keçirilən ilk üçtərəfli görüş başa çatıb.
Təxminən saat yarım davam edən görüş yerli vaxtla saat 16:28-də başlayıb və 17:58-də yekunlaşıb.
Görüşü açan Si Cinpin Rusiya, ABŞ və Çin liderlərinin ilk üçtərəfli təmasını mühüm irəliləyiş kimi qiymətləndirib. O, üç ölkənin beynəlxalq sülhün və sabitliyin qorunması naminə birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Çin liderinin sözlərinə görə, Pekin, Moskva və Vaşinqton bir-birinin suverenliyinə və əsas maraqlarına hörmət etməli, qarşılıqlı münasibətlərdə müəyyən edilmiş “qırmızı xətləri” keçməməlidirlər. Si Cinpin həmçinin dünyada nüvə müharibəsinin qarşısının alınması üçün bütün mümkün səylərin göstərilməsinə çağırıb.
Rusiya Prezidenti Vladimir Putin isə üç ölkənin qlobal təhlükəsizliyin və beynəlxalq hüquq sisteminin sabitliyinin qorunmasında xüsusi məsuliyyət daşıdığını bildirib. O, görüşdə qlobal və regional iqtisadi əlaqələr, enerji və ərzaq təhlükəsizliyi məsələlərinin müzakirəsini təklif edib.
Putin Rusiya, ABŞ və Çinin Ukraynadakı münaqişə də daxil olmaqla, regional problemlərin həllində ortaq maraqlarının olduğunu qeyd edib. Onun sözlərinə görə, ABŞ Prezidentinin təşəbbüsü ilə cümə axşamı Tramp ilə keçirilən görüşdə Ukrayna münaqişəsinə xüsusi diqqət yetirilib.
Rusiya lideri beynəlxalq terrorizm və transmilli cinayətkarlığı da üç ölkənin qarşılaşdığı ümumi təhdidlər sırasında göstərib.
Putin vurğulayıb ki, Rusiya, Çin və ABŞ qarşılıqlı hörmət, bərabərlik və maraqlar balansı əsasında konstruktiv əməkdaşlıq edərsə, dünyada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verə bilərlər.
ABŞ Prezidenti Donald Tramp isə çıxışında üç ölkənin dünya miqyasında nüvə silahlarının yayılmasının qarşısını almaq üçün əməkdaşlıq etməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton, Moskva və Pekin bütün dünyaya təsir edən məsələlər üzrə açıq və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmalıdır. Tramp üç liderin müzakirə edəcəyi çoxsaylı məsələlərin olduğunu bildirib.
Tahir TAĞIYEV