Tarix yalnız salnamələrin səhifələrində deyil, həm də doğma elə bağlılıqdan, torpaq sevgisindən və fədakar ziyalıların qələmindən süzülərək gələcək nəsillərə ötürülən yaddaşda yaşayır. Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda keçirilən təqdimat mərasimi də məhz belə bir missiyanın – qəhrəmanlıq tarixinin yaşadılması və unudulmazlığın təntənəsinə çevrildi.Borçalı mahalının Başkeçid rayonunun Ormeşən kəndindən olan Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Əlləz Ormeşənlinin «Ormeşən elinin Qarabağ qəhrəmanları» kitabının təqdimatı əsl milli-mənəvi yaddaş bayramı idi.Bu nəşr adi kitab deyil. Bu, Ormeşənin qəhrəmanlıq ruhuna ucaldılmış mənəvi abidə, Vətən uğrunda canından keçən şəhidlərimizin və döyüş meydanlarında igidlik göstərən oğullarımızın xatirəsinə ehtiramın ifadəsi, elin qan yaddaşına yazılmış şərəf salnaməsidir.
Kitabın əsas məziyyəti Ermənistan–Azərbaycan müharibəsində Vətən torpaqlarının müdafiəsi uğrunda döyüşmüş Ormeşən övladlarının həyat və döyüş yollarını, qəhrəmanlıqlarını, fədakarlıqlarını və talelərini gələcək nəsillərə çatdırmaqdır. Nəşrdə I Qarabağ müharibəsinin iştirakçısı, şəhid Nadir Səməd oğlu Əliyevin, qazilər Qəşəm Fərzalı oğlu Mahmudovun, Müslüm Bilal oğlu Kazımovun, Vafadar Səməd oğlu Eyyubovun, Bafalı Səməd oğlu Eyyubovun, eləcə də müharibə iştirakçıları Ziyadxan Məhəmməd oğlu Qaralovun, Həmdəm İsgəndər oğlu Mahmudovun, Bayram Ənvər oğlu Hümbətovun, Səlimxan Əhməd oğlu Eyyubovun, Alı Ramazan oğlu Qaralovun, Telman Sabir oğlu Süleymanovun və Namiq Ayvaz oğlu Qandayevin adları yer alıb.II Qarabağ müharibəsində iştirak etmiş Ormeşən övladlarından isə qazi Məhəmməd Vaqif oğlu Haqverdiyev, Gündüz Bayram oğlu Qaralov, Teymur Ələndər oğlu Vəliyev, Anar Arif oğlu Osmanov, Saleh Əmrah oğlu Əyyubov, Vasif Sədrəddin oğlu Qürbətov, Ali İfrət oğlu Orucov və Elxan Yunis oğlu Bayramov (Qandayev) haqqında məlumatlar oxuculara təqdim olunur. Bu adların hər birinin arxasında bir ömür, bir döyüş yolu, bir ailənin taleyi, bir ananın duası, yarımçıq qalmış arzular və bütöv bir elin qüruru dayanır. Onların Vətən sevgisi, torpaq uğrunda mübarizəsi və göstərdikləri igidlik gələcək nəsillər üçün əsl vətənpərvərlik və ləyaqət məktəbidir. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin poeziya seksiyasının direktoru, tanınmış şair İbrahim İlyaslı Əlləz Ormeşənlinin zəngin yaradıcılığından, onun qələminin daşıdığı həqiqət və ləyaqət yükündən söz açaraq kitabın ədəbi-ictimai əhəmiyyətini yüksək qiymətləndirdi. Daha sonra Xıdır Qaralovun ağsaqqallığı ilə davam edən tədbirdə Qarabağ döyüşlərinin iştirakçılarından polkovnik Qəşəm Mahmudov, polkovnik Hikmət Ağayev, tanınmış jurnalist Tanrıverdi Mustafayev, şair Vəli Qaraçaylı, Qəzənfər Mənsimoğlu, Qəzənfər Kiroflu, Gülamail xanım, Əzizə Ağa Hüseynqızı, Qarabağ qazisi Müslüm Kazımov, Pərviz Şərifov, Ormeşən kənd ağsaqqallarından Bayram Qaralov, Əşrəf Kərimov və Dünyamalı Qaralov çıxış edərək kitabın mənəvi-ictimai əhəmiyyətindən, müəllifin el yaddaşının qorunmasındakı xidmətlərindən danışdılar. Çıxışlarda Əlləz müəllimin yalnız söz adamı deyil, həm də el-obanın ağsaqqallıq missiyasını ləyaqətlə daşıyan, haqqın, ədalətin və xeyirxahlığın yanında dayanan ziyalı olduğu xüsusi vurğulandı. Bildirildi ki, bu kitab təkcə bu günün oxucusu üçün deyil, gələcək nəsillər üçün də qiymətli tarixi və mənəvi mənbədir. Tədbir zamanı şairlər Qəzənfər Mənsimoğlu, Gülamail xanım və Vəli Qaraçaylı, Mənsur Həsənzadə Qarabağ Zəfərinə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlərini səsləndirdilər. Şair Vəli Qaraçaylının şeiri milli birlik və həmrəylik ruhu ilə yadda qaldı. Şeirdə Azərbaycanın müxtəlif xalqlarının nümayəndələrinin Vətən naminə bir yumruq kimi birləşməsi, çiyin-çiyinə döyüşməsi, eyni torpağın müdafiəsi uğrunda canını əsirgəməməsi böyük poetik qüvvə ilə ifadə olunurdu. Ləzgi, kürd, Talış yəhudi və digər xalqların övladlarına ünvanlanan səmimi müraciətlər bir daha göstərirdi ki, Azərbaycanı Azərbaycan edən onun müxtəlifliyi daxilindəki birliyi, qardaşlığı və ortaq Vətən sevgisidir. Qəzənfər Mənsimoğlunun Vətən məzmunlu şeiri də iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Gülamail xanımın şəhid anasının dilindən qələmə aldığı şeir isə zalda kövrək duyğular yaratdı. Ana ürəyinin yanğısını, övlad itkisini və Vətən qarşısında qürurla dayanmağın mənəvi ucalığını ifadə edən bu şeir dinləyicilərə təsirli anlar yaşatdı. Əzizə Ağa Hüseynqızının çıxışı da öz məzmunu və səmimiyyəti ilə tədbir iştirakçılarının rəğbətini qazandı.Təqdimat mərasimi ayrı-ayrı çıxışların, səmimi xatirələrin, poetik duyğuların və milli həmrəylik düşüncəsinin vahid bir məcrada birləşdiyi, Ormeşənin qəhrəman övladlarına ehtiramın ifadə olunduğu mənalı bir el məclisi kimi yadda qaldı. Əlləz Ormeşənlinin bu kitabı ərsəyə gətirməsi bir ziyalının öz elinə, onun tarixinə və qəhrəman övladlarına mənəvi borcunun ifadəsidir. Çünki qəhrəmanları tanıtmaq, onların adlarını yaşatmaq, keçmişin şərəfli səhifələrini gələcəyə ötürmək hər kəsin bacardığı iş deyil. Bunun üçün el sevgisi, yaddaş məsuliyyəti və qələm fədakarlığı lazımdır. Ormeşənin qəhrəman oğullarının adlarını tarixə həkk edən, onların ömür yolunu, döyüş şücaətini və müqəddəs Vətən sevgisini kitab səhifələrində əbədiləşdirən Əlləz Ormeşənliyə dərin minnətdarlığımızı bildiririk. Bir xalqın böyüklüyü yalnız qazandığı qələbələrlə deyil, qəhrəmanlarını necə xatırlaması və onların əmanət qoyduğu dəyərləri gələcək nəsillərə necə ötürməsi ilə də ölçülür. Bu gün Ormeşənin qəhrəman oğullarının adları bir kitabın səhifələrində bir araya gəlib. Sabah bu kitabı oxuyan hər bir gənc öz elinin tarixini, Vətən uğrunda mübarizənin müqəddəsliyini və qəhrəmanlığın nə demək olduğunu öyrənəcək. Qəhrəmanlar ölmür! Onların adları yaddaşa, hünərləri tarixə, ruhları isə xalqın mənəvi varlığına çevrilir. Ormeşən öz qəhrəman oğulları ilə həmişə qürur duyacaq!
Xatirə QANDAYEVA