Birləşmiş Millətlər Təşkilatının (BMT) ən yüksək məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Myanmanın Arakan müsəlmanlarına (Rohincalara) qarşı soyqırım törətdiyinə dair qərar qəbul edib.
Niderlandın Haaqa şəhərində yerləşən Sülh Sarayında açıqlanan tarixi qərara əsasən, Myanma 1948-ci il Soyqırım Konvensiyası üzrə öhdəliklərini pozmaqda məsuliyyət daşıyır.
Məhkəmə Myanmanın soyqırım qurbanlarına dəymiş zərəri aradan qaldırmalı və onlara kompensasiya ödəməli olduğunu bildirib.
Beynəlxalq Ədalət Məhkəməsinin sədri Yuji İvasavanın açıqladığı qərar 15 hakimdən 9-nun səsi ilə qəbul edilib. Beləliklə, məhkəmə tarixində ilk dəfə bir dövlət birbaşa soyqırım törətməkdə məsuliyyətli hesab edilib.
Məhkəmə müəyyən edib ki, Myanma təhlükəsizlik qüvvələrinin 2017-ci ildə Arakan əyalətinin şimalında həyata keçirdiyi əməliyyatlar Rohinca icmasının əhəmiyyətli hissəsini məhv etmək niyyəti daşıyıb.
Qərarda Myanmanın soyqırım nəticəsində yaranmış zərərin aradan qaldırılması üçün lazımi tədbirlər görməli olduğu vurğulanıb. Bu çərçivədə doğma yurdlarından didərgin düşmüş Arakan müsəlmanlarının təhlükəsiz şəkildə evlərinə qayıtması, itirilmiş əmlaklarının qaytarılması və ya dəymiş zərərin ödənilməsi, eləcə də fiziki və psixoloji reabilitasiya imkanlarının yaradılması tələb olunub. Bununla belə, məhkəmə konkret kompensasiya məbləği açıqlamayıb.
Məhkəmənin məlumatına görə, 2017-ci ildə Myanma ordusunun keçirdiyi əməliyyatlar zamanı təxminən 10 min Arakan müsəlmanının öldürüldüyü sübutlarla təsdiqlənib. Təhlükəsizlik qüvvələrinin mülki əhalini hədəfə aldığı, genişmiqyaslı cinsi zorakılıq törətdiyi və qaçmağa çalışan insanlara hücum etdiyi bildirilib. Uşaqlara qarşı ağır zorakılıq hallarının da qeydə alındığı vurğulanıb.
Bundan başqa, Arakan müsəlmanlarına məxsus kəndlərin təxminən 40 faizinin dağıdıldığı, bəzi yaşayış məntəqələrində isə başqa icmaların yerləşdirildiyi qeyd olunub.
Xatırladaq ki, Myanma ordusu 2017-ci ilin avqustunda Arakan əyalətinin şimalında genişmiqyaslı hərbi əməliyyatlara başlamışdı. Əməliyyatlar zamanı qətliamlar, cinsi zorakılıq və kəndlərin yandırılması nəticəsində 700 mindən çox Rohinca qonşu Banqladeşə sığınmaq məcburiyyətində qalmışdı.
Myanma hakimiyyəti əməliyyatların silahlı qruplaşmalara qarşı aparıldığını bildirərək soyqırım ittihamlarını rədd etmişdi. Lakin Beynəlxalq Ədalət Məhkəməsi bu arqumentləri qəbul etməyib.
Gambiya tərəfindən qaldırılan iddia 7 il davam edib. Gambiya İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə 2019-cu il noyabrın 11-də Myanmaya qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb.
İddiada Myanmanın 1948-ci il Soyqırımın Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasını pozduğu bildirilib. Həmçinin zərərçəkənlər üçün kompensasiya ödənilməsi və onların təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtması tələb olunub.
Təxminən yeddi il davam edən məhkəmə prosesinin yekununda açıqlanan qərar Arakan müsəlmanlarına qarşı törədilmiş cinayətlərin beynəlxalq hüquq baxımından qiymətləndirilməsində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarları müvafiq tərəflər üçün məcburi hüquqi qüvvəyə malikdir. Bununla belə, qərarın icrası və zərərçəkənlərə kompensasiya ödənilməsi ayrıca mexanizmlər tələb edir.
Amnesty International Təşkilatı Beynəlxalq Ədalət Məhkəməsinin Myanmanın Arakan müsəlmanlarına qarşı soyqırım törətməsi ilə bağlı qərarını tarixi hadisə kimi qiymətləndirib.
Amnesty International-ın baş katibi Aqnes Kallamard qərarı Arakan müsəlmanları üçün mühüm ədalət anı adlandırıb.
“Soyqırım. Beynəlxalq Ədalət Məhkəməsinin mübahisəyə yer qoymayan qənaəti budur. İllərlə davam edən inkar, cəzasızlıq və həqiqətlərin gizlədilməsindən sonra bu qərar Rohincalara qarşı törədilmiş vəhşiliklərin tarixi və səlahiyyətli bir qurum tərəfindən tanınması deməkdir. Bu, sağ qalanlar, qurbanlar və onların ailələri üçün nadir ədalət anıdır”, – deyə Kallamard bildirib.
Amnesty International rəhbəri Myanmanın uzun illərdir Rohincaları vətəndaşlıq hüquqlarından məhrum etdiyini, onları ayrı-seçkiliyə və zorakılığa məruz qoyduğunu qeyd edərək beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıb. O, hökumətlərdən Myanmaya silah, təhlükəsizlik və müşahidə avadanlıqlarının, eləcə də hərbi və təhlükəsizlik sahəsində yardımın verilməsini dayandırmağı tələb edib.
Kallamard BMT Təhlükəsizlik Şurasına da müraciət edərək Myanmaya qarşı qlobal silah embarqosunun tətbiqini və ölkədəki vəziyyətin Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməsini istəyib.
Təşkilat Arakan müsəlmanlarının tam və effektiv kompensasiya almaq hüququna malik olduğunu qeyd edib. Bununla yanaşı, humanitar yardımın göstərilməsi, təhlükəsiz köçürülmə və yenidən məskunlaşma imkanlarının yaradılması, beynəlxalq hesabatlılıq mexanizmlərinin gücləndirilməsi üçün siyasi və maliyyə dəstəyinə çağırış edib.
Kallamard xəbərdarlıq edib ki, məhkəmə qərarının icra olunmaması cəzasızlıq mühitinin davam etməsinə səbəb ola bilər. O, Myanmada keçmişdə və hazırda törədildiyi iddia olunan müharibə cinayətləri, aparteid və insanlıq əleyhinə cinayətlərin də effektiv şəkildə araşdırılmasını tələb edib.
Tahir TAĞIYEV