Elşad Həsənov: “Belə bir qurğunun yanında daşınmasının əsas məqsədi...”
Rusiya Prezidenti Vladimir Putinin Çinə (Şençjendəki APEC sammitinə) səfəri zamanı da onu müşayiət edən hərbçinin əlindəki bu çamadan Rusiya dövlət televiziyası və jurnalistlər tərəfindən görüntülənib.
"Nüvə çamadan"ını nüvə dövlətlərinin rəhbərləri nə üçün özləri ilə aparırlar? Burada nə sirr var?
Putinin “nüvə çamadanı”nı Solovyov çəkib göstərib. Bütünü nüvə dövlətlərinin başçıları "nüvə çamadan"ını özü ilə gəzdirir, yoxsa təkcə Putin belə edir? Bu nə deməkdir?
Ekspertlər qeyd edir ki, nüvə dövlətlərinin rəhbərləri "nüvə çamadanı"nı özləri ilə ona görə aparırlar ki, ölkədən kənarda və ya hərəkətdə olduqları vaxt belə strateji nüvə qüvvələri ilə kəsintisiz və şifrələnmiş rabitə saxlaya bilsinlər.
Çamadanın içində "raketi buraxan düymə" yoxdur. O, Ali Baş Komandanın hərbi rəhbərliklə əlaqə saxlaması, vəziyyəti qiymətləndirməsi və əmrləri ötürməsi üçün nəzərdə tutulmuş daşınan rabitə və idarəetmə terminalıdır.
Verilən əmrlər dərhal raketə getmir; Baş Qərargaha və müvafiq hərbi komandanlığa yönləndirilir.
Rusiyadakı sistem "Çeget" adlanır ("Kazbek" komandanlıq sisteminin tərkib hissəsidir). Rabitə protokolları, şifrələmə və daxili quruluş dövlət sirridir.
Bütün nüvə dövlətlərinin başçıları belə edir, yoxsa təkcə Putin?
Bunu təkcə Putin etmir. ABŞ prezidentini də hər səfərdə xüsusi zabit “nüvə futbolu” (nuclear football) adlanan çamadanla müşayiət edir. Lakin bütün nüvə dövlətlərində eyni format tətbiq olunmur: bəzi ölkələrin komandanlıq strukturu, rabitə vasitələri və hərbi doktrinaları fərqlidir və açıq mənbələrdə hamısının eyni çamadanı daşıması barədə təsdiqlənmiş məlumat yoxdur.
Bu nə deməkdir?
Dövlət başçısının səfər zamanı da ali komandanlıq səlahiyyətlərini qoruduğunu və idarəetmənin fasiləsiz işlədiyini göstərir.
Kameralara düşməsi nə deməkdir? Çamadanın səfərlərdə daşınması adi protokoldur, lakin onun Rusiya mediasında açıq şəkildə çəkilib göstərilməsi xarici səfərlər və böyük sammitlər fonunda nüvə çəkindirməsi və güc nümayişi mesajı kimi də qiymətləndirilir.
Politoloq Elşad Həsənov baki-xeber.com-a Putinin özü ilə Çinə “nüvə çamadanı” aparmasının səbəbləri barədə bunları dedi: “Bəli, biz Putinin səfərləri zamanı onun yanında xüsusi çamadanın daşındığını dəfələrlə görmüşük. Bu çamadanın nüvə silahlarının idarə olunması baxımından mühüm əhəmiyyəti var. Əslində, nüvə çamadanı dövlət başçısını müşayiət edən, strateji nüvə qüvvələrinin idarə olunması üçün nəzərdə tutulmuş xüsusi mühafizə olunan rabitə qurğusudur.
Rusiyada bu qurğu “Çeqet” adlanır və “Kazbek” idarəetmə sisteminin daşınan terminalı hesab olunur. Onun əsas funksiyası prezidentlə ali hərbi komandanlıq, o cümlədən Müdafiə Nazirliyi və Baş Qərargah arasında təhlükəsiz, birbaşa rabitə yaratmaqdır. Bu qurğu nüvə silahlarının tətbiqi ilə bağlı əmrlərin ötürülməsinə imkan verir.
Ancaq burada bir məqamı xüsusi vurğulamaq lazımdır: həmin çamadanda raketləri birbaşa işə salan düymə yoxdur. Bəzən ictimaiyyət arasında belə bir yanlış təsəvvür yaranır ki, prezident çamadandakı düyməni basmaqla nüvə silahlarını işə sala bilər. Əslində, proses bu qədər sadə deyil. Müvafiq əmrlər hərbi komandanlıq sisteminə ötürülür və müəyyən prosedurlar, komanda zənciri vasitəsilə həyata keçirilir. Nüvə silahlarının tətbiqi ilə bağlı qərarvermə mexanizmləri ölkələr üzrə fərqlənir. Bəzi sistemlərdə bir neçə yüksək vəzifəli şəxsin təsdiqi tələb olunduğu barədə məlumatlar mövcuddur, lakin bu prosedurların konkret detalları məxfi saxlanılır.
Dövlət başçısının səfərləri zamanı belə bir qurğunun yanında daşınmasının əsas məqsədi onun ölkədən kənarda olduğu zaman da strateji qüvvələrlə əlaqə saxlamaq, zəruri qərarlar qəbul etmək və idarəetmə imkanlarını qorumaqdır”.
E.Həsənov qeyd etdi ki, ümumiyyətlə, dünyada nüvə silahına malik doqquz dövlət var. O, bildirdi ki, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya. Lakin açıq mənbələrdə dövlət başçılarının yanında daşınan, məhz nüvə silahlarının idarə olunması üçün nəzərdə tutulmuş xüsusi çamadan sistemləri haqqında ən geniş məlumat Rusiya və ABŞ-a aiddir.
“ABŞ-da bu qurğu “Nuclear Football” – “Nüvə futbolu” adlanır. Prezident Ağ Evdən kənarda olduğu zaman onun hərbi köməkçisi tərəfindən daşınır. Bu sistem prezidentə strateji nüvə qüvvələri ilə əlaqə saxlamaq, müvafiq qərarları və əmrləri ötürmək imkanı verir. Burada da söhbət nüvə silahını birbaşa işə salan düymədən deyil, xüsusi rabitə və qərarvermə sistemindən gedir.
Digər nüvə dövlətlərində isə idarəetmə mexanizmləri fərqli qurulub.
Məsələn, Fransada prezidentin səfərləri zamanı istifadə etdiyi xüsusi mobil rabitə vasitələri mövcuddur. Lakin bu qurğuların yalnız nüvə silahlarının idarə olunması üçün nəzərdə tutulduğu barədə rəsmi məlumat yoxdur; onlar daha geniş dövlət rabitə sisteminin bir hissəsi hesab olunur.
Böyük Britaniyada isə nüvə çamadanı ilə bağlı fərqli və maraqlı mexanizm mövcuddur. Baş nazir vəzifəyə gəldikdən sonra nüvə sualtı qayıqlarının komandirlərinə ünvanlanan, ölkənin rəhbərliyi və hökuməti məhv ediləcəyi təqdirdə hansı addımların atılmalı olduğunu bildirən dörd xüsusi məktub – “Last Resort Letters” yazır. Bu məktublar ciddi məxfilik şəraitində saxlanılır.
Hindistanda nüvə silahlarının idarə olunması Baş nazirin rəhbərliyi altında fəaliyyət göstərən nüvə komandanlığı sistemi vasitəsilə həyata keçirilir. Bu ölkədə qərarvermə mexanizmi kollektiv idarəetmə prinsiplərinə əsaslanır. Baş nazirin mühafizəsi tərəfindən daşınan qara çanta ilə bağlı yayılan məlumatlarda isə onun nüvə düyməsi deyil, mühafizə vasitələri, o cümlədən qatlanan zirehli qalxan və digər təhlükəsizlik avadanlıqları daşıdığı bildirilir.
Çin, Pakistan, İsrail və Şimali Koreyada isə nüvə silahlarının idarə olunması, buraxılış kodları və komanda sistemləri yüksək səviyyədə məxfi saxlanılır. Bu ölkələrin dövlət rəhbərlərini daim müşayiət edən, məhz nüvə silahlarının idarə olunması üçün nəzərdə tutulmuş xüsusi çamadanlar barədə açıq və təsdiqlənmiş məlumatlar məhduddur.
Beləliklə, hazırda açıq mənbələrdə “nüvə çamadanı” sistemi haqqında ən çox məlumat Rusiya və ABŞ-a aiddir. Bununla belə, dəyərli oxucularımız bilməlidirlər ki, bu qurğular nüvə silahını bir düymə ilə işə salan vasitələr deyil. Onlar dövlət başçısının strateji nüvə qüvvələri ilə təhlükəsiz rabitəsini təmin edən, əmrlərin ötürülməsi və idarəetmə prosesində mühüm rol oynayan xüsusi sistemlərdir”-deyə E.Həsənov vurğuladı.
İradə SARIYEVA