Fuad İbrahimov: “Minimum əmək haqqı 400, müavinətin 220, minimal pensiyanın 320 manat olması heç bir ölçü vahidi ilə uzlaşmır”
Azərbaycanda 65 yaşa çatmasına baxmayaraq, pensiya ala bilməyənlərin sayı sürətlə artır. Təkcə bu ilin 10 ayı ərzində təxminən 14 min nəfər bu taleyi yaşayıb. Pensiya yaşına çatıb müavinətlə keçinmək məcburiyyətində qalanların sayı 180 min nəfəri aşıb.
Cəmi altı il əvvəl bu rəqəm 83 min nəfər idi. Yəni 2,5 dəfə artım var. 6 il əvvəl pensiya yaşına çatıb uyğun vəsaiti ala bilməyənlərə 130 manat ödənilirdi. 2022-ci ildə məbləğ 180, bundan bir il sonra 220 manat olmuşdu. 2023-cü ilin yanvarın 1-dən bu yana dəyişiklik yoxdur.
Bu problemin həlli ilə bağlı optimal variant yoxdurmu? Hansısa sosial güzəşt, amnistiya.
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Azərbaycanda yaşa görə müavinət alanların sayının artmasının əsas səbəbi pensiya yaşına çatanların çoxunun öhdəlikləri yerinə yetirə bilməməsi ilə bağlıdır: “Öhdəliklər nədən ibarətdir? Ən az 25 illik staj olmalıdır ki, vətəndaş pensiya ala bilsin. Rəsmi qaydalara görə, 65 yaşına çatmış şəxsin fərdi hesabında minimum pensiya almağa imkan verən 46 080 manat pensiya kapitalı olmalıdır. Bu məbləğ yoxdursa, ən azı 25 il sığorta stajı tələb olunur. Bu şərtləri ödəməyən və işləməyən şəxslərə yaşa görə sosial müavinət verilir. Əgər 25 illik staj və ya 46 080 manat pensiya kapitalı yoxdursa, nəticədə həmin şəxslər pensiya yaşına çatanda əmək pensiyası hüququ qazana bilmirlər. Həmin şəxslərə 220 manat yaşa görə sosial müavinət verilir. Belə vəziyyət ondan formalaşdı ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 20 il insanlar əmək müqaviləsi nədir bilmədilər. Daha doğrusu boşluq yaratdılar. İnsanlar elə sahələrdə işlədilər ki, orada əldə etdikləri gəlirlərin qeydiyyatı yox idi. İndi onun əziyyətini çəkirlər. Ancaq bütün bunları bir araya gətirəndə yenə də standartlara uyğun deyil. Bu gün bizdə minimum əmək haqqı 400 manatdırsa, müavinətin 220 olması və yaxud da minimal pensiyanın 320 manat olması heç bir ölçü vahidi ilə uzlaşmır. Ən azından Nazilər Kabinetinin 2014-cü ildə bir qərarı var. Orada vətəndaşların minimal istehlak səbətini formalaşdıran xərclər var. Bunlar 12 ərzaq məhsuludur, 12 qeyri-ərzaq məhsuludur və 10 xidmət növüdür. Baxaq görək bu, minimal tələbləri təmin edirmi? Əgər təmin etmirsə, buna yenidən baxılmalıdır”.
Vidadi ORDAHALLI