Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına qarşı çıxan müxalifəti tənqid edib. O, Ermənistan cəmiyyətinin uzun illər xarici qüvvələrin təsiri altında qonşu xalqlara qarşı düşmən münasibətə yönəldildiyini bildirib.
Paşinyan müxalifətin normallaşma siyasətinə etirazlarına cavab olaraq, “Bu təəssübkeşlikdən nə vaxt qurtulacağıq?” sualını səsləndirib.
“1870-ci illərdən bəri bizi idarə etməyə, şüurumuzu qarışdırmağa çalışan qüvvələr nə deyirdilər? ‘Türk, türk, türk’. Xarici qüvvələr bizi türklərə düşmən etdi. Bütün düşüncə sistemimiz alt-üst oldu”, – deyə o bildirib.
Paşinyan uzaq ölkələrlə deyil, məhz qonşularla münasibətlərin tənzimlənməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə geri dönüşü olmayan sülh prosesinə daxil olub.
“Bizi buna görə ittiham etmək istəyirlərsə, qoy etsinlər. Biz Azərbaycanla sülhü təmin etmək üçün çalışırıq”, – deyə baş nazir qeyd edib.
O, müxalifətin istefa çağırışlarına da münasibət bildirərək, Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcəyini açıqlayıb. Paşinyan bildirib ki, xalq yeni Konstitusiyanı qəbul etməsə, vəzifəsindən gedəcək, qəbul edəcəyi təqdirdə isə sülh sazişinin imzalanması istiqamətində addımlar atacaq.
Tahir TAĞIYEV