Qulamhüseyn Əlibəyli: “Paşinyanın son etirafı indiyə qədərki mövqedən geri çəkilmə kimi qiymətləndirilməlidir”
Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasının vacibliyi barədə bu gün səsləndirdiyi bəyanatla razıdır.
Paşinyan bunu bu gün Milli Assambleyada çıxışı zamanı bildirib.
Hökumət başçısının sözlərinə görə, Ermənistan ərazisində inşa edilən dəmir yolu xətti Azərbaycanın dəmiryol şəbəkəsi ilə birləşdirilməlidir və bu səbəbdən texniki xüsusiyyətlər mütləq şəkildə uzlaşdırılmalıdır: “Biz hesab edirik ki, dəmir yolumuz Azərbaycanın dəmir yolu ilə əlaqələndirilməlidir. Buna görə də həmin məsələlər və texniki parametrlər fəal şəkildə razılaşdırılmalıdır. Üçtərəfli işçi qrupu da məhz bu məqsədlə yaradılıb”.
Maraqlıdır, burada Paşinyan hansı üçtərəfli işçi qrupu nəzərdə tutur? Məgər bu üçtərəfli işçi qrupu fəaliyyətdədir, belə bir işçi qrup fəaliyyətdədir? Rusiya daxil belə bir qrup 2021-ci ildə fəaliyyətini dayandırıb. O zaman Nikol hansı işçi qrupunu nəzərdə tutur?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Paşinyan parlamentdə səsləndirdiyi fikir həm texniki və həm də siyasi xarakterli bir etiraf kimi qiymətləndirilməlidir: “Bu etirafın texniki xarakterli olması belə bir cəhətdə ifadə olunur ki, TRIPP marşrutinin giriş-çıxış nöqtəsi Azərbaycan-Ermənistan sərhədində olduğu üçün layihənin texniki göstəriciləri Azərbaycanla uyğunlaşdırılması tamamilə təbii hesab olunmalıdır. Lakin indiyə kimi Ermənistan tərəfi bunu qəbul etmək istəmirdi və TRIPP-i yalnız Ermənistan–ABŞ ikitərəfli layihəsi kimi qələmə verməyə salışırdı. Erməni Baş naziri bir il əvvəl parlamentdə Vaşinqton bəyannaməsinin surətini göstərərək TRIPP-in Ermənistanla ABŞ arasında ikitərəfli müzakirə mövzusu olduğunu vurğulayırdı. Rusiyanın mümkün iştirakı ilə bağlı suala da eyni cavabı vermişdi: layihə ikitərəflidir, üçüncü tərəfin iştirakı yalnız ikitərəfli qaydada müzakirə oluna bilər. Bu ritorika daxili auditoriya üçün idi: Ermənistan cəmiyyətinə “suverenlik bizim əlimizdədir, Bakı bu prosesə qarışmır” mesajı verilirdi. Bu mənada Paşinyanın son etirafını indiyə qədərki mövqedən geri çəkilmə kimi qiymətləndirilməlidir; bu isə layihədə 3-cü tərəf kimi Azərbaycanın da iştirakının tanınmasının siysi etirafıdır.
Xatırladaq ki, Ceyhun Bayramovun mövqeyi əslində yeni deyil. Azərbaycan əvvəldən bildirirdi ki, Zəngəzur dəhlizi onun ərazisinin bir hissəsini digər hissəsi ilə birləşdirən marşrutdur və bu marşrutun parametrləri Bakının iştirakı olmadan müəyyən edilə bilməz. Bakı həm də bunu nəzərə alırdı ki, dəhliz sadəcə Naxçıvana çıxış deyil, Orta Dəhlizin, Türkiyə istiqamətində fasiləsiz yük axınının bir halqasıdır. Belə bir halqada texniki parametrlərin uyğunsuzluğu bütün zəncirin səmərəsini aşağı sala bilər. Bayramovun son vurğusu ondadır ki, siyasi razılaşma artıq var, indi sıra mühəndislik və hüquqi detallardadır. Paşinyanın razılığı isə onu göstərir ki, İrəvan bu ardıcıllığı qəbul edir. Bu, Vaşinqton bəyannaməsinin ruhuna da uyğundur: bəyannamədə Ermənistan və Azərbaycan kommunikasiyalarının bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur”.
Q.Əlibəylinin fikrincə, lakin dəmir yolu siyasi bəyanatlarla deyil, relslər, yol eni, siqnalizasiya, gömrük və sərhəd rejimi ilə işləyir: “Bunlar bəzi digər məsələlərlə birlikdə marşrutun texniki parametrlərini təşkil edir. Ermənistan ərazisindən keçən təxminən 42 kilometrlik xətt, Sovet dövrünün Araz boyunca uzanan köhnə marşrutu ilə, Nrnadzor–Karçevan istiqamətində çəkiləcək. Bu xəttin hər iki ucu Azərbaycana bağlanır: bir tərəfdən Azərbaycanın əsas ərazisinə, digər tərəfdən Naxçıvana. Azərbaycan şəbəkəsinə qoşulmayan bir xətt sadəcə ölü infrastruktur olardı. Paşinyanın bu gün etiraf etdiyi də budur: Bakı ilə texniki razılaşma olmadan TRIPP kağız üzərində qalacaq. Maraqlıdır ki, Ermənistan parlamenti 28 oktyabrda ABŞ ilə TRIPP üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini ratifikasiya edəndə xarici işlər naziri Ararat Mirzoyan özü də Azərbaycan ərazisindən keçidin texniki detallarının hələ razılaşdırılmadığını qəbul etmişdi. Yəni Yerevan bilirdi ki, ikitərəfli sənəd işin yalnız yarısıdır. Qalan yarısı Bakının masasındadır.
“Üçtərəfli işçi qrupu” deyəndə adamın ağlına ilk növbədə 10 noyabr 2020-ci il bəyanatının kommunikasiyalarla bağlı 9-cu bəndinin icrası üçün 2021-ci ilin yanvarında Moskvada yaradılan, Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərindən ibarət qrup gəlir; bu qrup bir neçə iclaslar keçirib konkret bir nəticə ortaya qoya bilmədi və səssizcə yoxa çıxdı. Lakin rəsmi Rusiya vaxtaşırı bu qrupun formal varlığını qabartmağa çalışır. Hələ 2025-ci ilin avqustunda, Vaşinqton sammitindən sonra Bakı və İrəvanın bu qrupdan rəsmi şəkildə çıxmadığını xatırladıbşdı. Bir neçə gün bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilən XIV illik görüşündə regional kommunikasiyaların açılması barədə razılığın bu qrupda əldə olunduğunu bildirib.
Lakin Paşinyanın nəzərdə tutduğu qrup isə tamamilə başqadır. Cəmi iki həftə əvvəl, 6 noyabr 2026-cı ildə Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yayaraq TRIPP üzrə üçtərəfli texniki planlaşdırma qruplarının işə başladığını elan etdilər. İlk mərhələdə iki işçi qrupu yaradılıb: biri nəqliyyat, digəri elektrik ötürücü xətləri üzrə. Qrupların açılışında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Azərbaycanın və Ermənistanın xarici işlər nazirinin müavini iştirak ediblər. Bəyanata görə, qruplar mürəkkəb texniki məsələləri həll etməli, layihənin növbəti mərhələlərini, o cümlədən onun regionun digər infrastrukturu ilə birləşdirilməsini hazırlamalıdır. Belə çıxır ki, üçtərəfli format qalır, sadəcə üçüncü tərəf dəyişib. Moskva masadan kənarda qalıb, onun yerini Vaşinqton tutub. Və bu dəyişiklik təkcə protokol məsələsi deyil, regionun kommunikasiya arxitekturasında kimin söz sahibi olduğunu göstərən amildir.
Lakin burada müəyyən bir nüansın da olduğu qeyd edilməlidir. Rusiya üçtərəfli formatdan kənarda qalsa da, Ermənistanın dəmir yolu şəbəkəsi hələ də “Rusiya Dəmir Yolları”nın konsessiyasındadır. Paşinyan bir neçə dəfə Moskvaya müraciət edərək Yeraskh–Naxçıvan sərhədi və Axurik–Türkiyə sərhədi istiqamətində xətlərin bərpasını istəyib, hətta Rusiyanı konsessiya hüquqlarını üçüncü ölkəyə satmağa çağırıb. Onun öz etirafına görə, beynəlxalq investorlar və yükdaşıyanlar Rusiyanın idarəsində olan Yeraskh–Axurik hissəsindən yan keçmək yolları axtarırlar. Bu o deməkdir ki, TRIPP-in texniki parametrləri yalnız Bakı ilə İrəvan arasında deyil, dolayısı ilə Moskvanın nəzarətində olan infrastrukturla da kəsişir. Yeni üçtərəfli qrupun qarşısındakı ən çətin məsələ bəlkə Rusiya konsessiyası altındakı şəbəkə ilə Amerika-Ermənistan şirkətinin idarə edəcəyi xətt bir sistem daxilində necə uyğunlaşdırılması ilə əlaqədar olacaq”.
Vidadi ORDAHALLI