Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzv ölkələrinin parlamentlərinin Səhiyyə komitələri üzvlərinin 3-cü iclası baş tutub. İclasın gündəliyinin əsas mövzusu “TÜRKPA üzv dövlətlərinin parlamentləri arasında rəqəmsal səhiyyənin inkişafı və səhiyyədə süni intellektin tətbiqi” olub.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər iştirak edərək mövzu ətrafında müzakirələr aparıblar. Tədbirdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov geniş məruzə ilə çıxış edib. O, rəqəmsallaşma və süni intellekt texnologiyalarının müasir səhiyyə sistemindəki əvəzsiz rolunu vurğulayaraq bildirib: “Bu gün rəqəmsallaşma və süni intellekt səhiyyənin inkişafında mühüm rol oynayır. Bu texnologiyalar tibbi xidmətlərin keyfiyyətini artırır, xəstəliklərin erkən aşkarlanmasına və səhiyyə resurslarından daha səmərəli istifadəyə imkan yaradır”. Komitə sədri Azərbaycanda rəqəmsal səhiyyə quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb və ölkəmizdə tətbiq edilən yenilikləri iclas iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, 2024-cü ildən istifadəyə verilən Rəqəmsal Resept sistemi həkim reseptlərinin elektron qaydada yazılmasını və aptek şəbəkələri ilə tam inteqrasiyasını təmin edir. 2025-ci ildən icrasına başlanılan "Tibbi rəqəmsal əkiz" – Elektron Sağlamlıq Kartı sistemi isə gələcəkdə süni intellektin tətbiqi üçün mühüm texnoloji baza formalaşdırır. Bundan əlavə, ölkədə tətbiq olunan elektron xəstəlik vərəqələri kağız dövriyyəsini azaldaraq inzibati prosesləri sadələşdirir. Həmçinin donorlar və resipiyentlər üzrə vahid informasiya sistemi yaradılıb, elektron epikriz sisteminin isə yeni versiyası istifadəyə verilib. Süni intellektin tibbi görüntülərin təhlili, onkoloji və ürək-damar xəstəliklərinin erkən diaqnostikası, eləcə də risk qruplarının müəyyən edilməsində geniş perspektivlər açdığını deyən akademik Əhliman Əmiraslanov etik və hüquqi tənzimləmələrin vacibliyinə də toxunub: “Süni intellekt həkimi əvəz etməməli, onun fəaliyyətinə kömək göstərən vasitə olmalıdır. Eyni zamanda, şəxsi tibbi məlumatların qorunması, kibertəhlükəsizlik, məlumatların və süni intellektin istifadəsinə görə məsuliyyət məsələləri xüsusi diqqətdə saxlanılmalıdır. Bu baxımdan parlamentlərin üzərinə mühüm vəzifələr düşür. Biz həm innovasiyaların inkişafına şərait yaratmalı, həm də pasiyentlərin hüquqlarını və tibbi xidmətlərin keyfiyyətini qoruyan qanunvericilik bazası formalaşdırmalıyıq”. İclas çərçivəsində üzv ölkələrin nümayəndələri rəqəmsal səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Namiq QULIYEV