Rövşən Abbasov: “Bu araşdırmaların nəticələri müəyyən mənada öz təsdiqini tapmadı”
Sadıq Qarayev: “Volqa çayı üzərində yaradılmış iri su anbarları və hidroenergetika sistemi çayın təbii hidroloji rejimini əhəmiyyətli dərəcədə dəyişib”
Dəniz səviyyəsinin dəyişkənliyini 30-35 illik dövrlərə bölən Xəzər alimləri bu dəyişikliklərin Günəş-Yer qarşılıqlı təsirləri ilə əlaqəli ola biləcəyi qənaətinə gəliblər.
Coğrafiya üzrə fəlsəfə doktoru və Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi Həsən Nəbiyevin sözlərinə görə, 11 illik günəş aktivliyi dövrləri orta hesabla 30-35 il davam edən Xəzər dənizi səviyyəsinin dəyişkənliyini tam izah edə bilmir. Lakin bu dövrlərdə müşahidə olunan qısamüddətli yüksəliş və enişlər 11 illik günəş aktivliyi dövrlərinin mumlaşma və azalma mərhələləri ilə əlaqələndirilə bilər. Bu sahədə aparılan bir neçə tədqiqat müsbət nəticələr verib.
“Azərbaycanda güclü yağış və sel axınlarının səbəblərini təhlil edərkən əldə etdiyim nəticələr də bu problemi araşdırmaq və məqsədimə çatmaq üçün vacibdir”, - deyə alim qeyd edib.
Tədqiqatın nəticələrindən danışan H. Nəbiyev atmosfer sirkulyasiya dövrlərinin orta müddətinin orta günəş aktivliyi salınım dövrünə yaxın olduğunu - 11,1 il olduğunu qeyd edib. Lakin atmosfer sirkulyasiya modelləri ilə günəş aktivliyi arasındakı zəif korrelyasiyalar əlavə tədqiqatlar tələb edir.
Bunun əsas səbəbi günəş aktivliyinin atmosfer sirkulyasiyasına təsir mexanizminin mürəkkəbliyi və bu prosesin bir neçə detalının hələ də araşdırılmamış qalmasıdır.
Bu sahədə aparılan tədqiqat nəticələri də günəş aktivliyi ilə atmosfer sirkulyasiyasının əlaqəsini hələ tam təsdiqləmir.
Xəzər dənizi alimləri Xəzərşünas alimlər Xəzər dənizi səviyyəsindəki dalğalanmaları günəş aktivliyi ilə əlaqələndirirlər.
Bu amili irəli sürənlər nə dərəcədə doğu deyirlər?
Xəzərə tökülən sularla bağlı bəs Rusiyanın fəaliyyəti, Volqada dambaların tikilməsi? Burada Rusiyanın təsiri yoxdurmu ki, belə deyillər?
Ekspertlər qeyd edirlər ki, Xəzərə daxil olan suyun əsas hissəsi Volqa çayının hesabına formalaşır. Müxtəlif hesablamalara görə, Volqa Xəzərin ümumi çay axınının təxminən 80 faizini təmin edir. Bu səbəbdən Volqanın su rejimində baş verən hər hansı ciddi dəyişiklik Xəzərin səviyyəsinə təsirsiz qala bilməz.
Rusiyanın Volqa çayı üzərində inşa etdiyi hidroelektrik stansiyalar, su anbarları, dambalar, suvarma sistemləri və digər hidrotexniki qurğular çayın təbii rejimini ciddi şəkildə dəyişdirib.
Ekspertlərin fikrincə, burada iki mühüm məqam var:
Birincisi, dambalar və su anbarları çayın təbii axınını tənzimləyir. Suyun mövsümlər üzrə Xəzərə çatma vaxtı və miqdarı dəyişir. Su anbarlarında suyun toplanması və buraxılması çayın aşağı axınında, o cümlədən Xəzərə daxil olan suyun rejiminə təsir göstərir.
İkincisi, suyun bir hissəsi çay hövzəsində insanların istifadəsinə götürülür. Kənd təsərrüfatı, sənaye, yaşayış məntəqələri və suvarma sistemləri üçün götürülən suyun bir hissəsi çaya geri qayıtmır. Bu isə Xəzərə daxil olan ümumi su miqdarını azalda bilər.
2026-cı ildə dərc edilmiş bir elmi araşdırmada 1991–2020-ci illər üzrə Xəzərə daxil olan əsas çayların axını təhlil edilib. Araşdırmaya görə, beş əsas çayın ümumi axını iki dövr arasında ildə 41,9 kubkilometr azalıb. Bu azalmanın 31,9 kubkilometri Volqanın payına düşüb. Tədqiqatçılar bunu yalnız atmosfer və iqlim amilləri ilə izah etməyin mümkün olmadığını, hövzədəki insan fəaliyyətinin də mühüm rol oynaya biləcəyini qeyd edirlər.
Bəs niyə Xəzərin səviyyəsinin azalmasında Rusiyanın rolu barədə az danışılır?
Bu, həqiqətən də, diqqət çəkən məsələdir. Xəzərin səviyyəsinin azalması müzakirə edilərkən çox vaxt qlobal iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi və buxarlanma ön plana çəkilir. Halbuki Xəzərin su balansının əsas hissəsi Volqa çayından asılıdır və Volqa hövzəsi bütövlükdə Rusiyanın ərazisində yerləşir.
Rusiyanın Volqa üzərində qurduğu hidrotexniki sistemin təsirini görməzlikdən gəlmək olmaz. Bununla belə, dambaların Xəzərin səviyyəsini birbaşa və təkbaşına aşağı saldığını söyləmək də düzgün olmaz. Əsas məsələ suyun çay hövzəsində necə tənzimlənməsi, nə qədərinin istehlak edilməsi və Xəzərə çatan axının necə dəyişməsidir.
Müxtəlif elmi araşdırmalarda Volqa və Ural çaylarının intensiv istifadəsi, su anbarlarının yaradılması və suvarma məqsədilə su götürülməsi Xəzərin su balansına təsir edən antropogen amillər kimi göstərilir.
Ekoloq Rövşən Abbasov baki-xeber.com-a bildirdi ki, Xəzər dənizi səviyyəsi və günəş aktivliyi arasındakı əlaqəni Abbas Hümbətov vaxtilə araşdırmışdı. “Hətta onun tədqiqatlarında günəş aktivliyinin səviyyəsinin Xəzər dənizinin səviyyəsinə necə təsir etməsi, eləcə də digər çaylarla, o cümlədən Xəzərdən uzaqda yerləşən çayların sululuğu ilə Xəzər dənizinin səviyyəsi arasındakı əlaqələr də araşdırılmışdı. Abbas müəllim belə bir qənaətə gəlirdi ki, günəş aktivliyi Xəzərin səviyyəsinə ciddi təsir göstərir. Günəş aktivliyinin artması və ya azalması Xəzər dənizinin səviyyəsində dəyişikliklərə səbəb olur.
Lakin sonrakı dövrlərdə bu araşdırmaların nəticələri müəyyən mənada öz təsdiqini tapmadı. Biz burada bir məqamı unutmamalıyıq: Xəzər dənizi qapalı su hövzəsidir və onun su balansı, səviyyəsi, əsasən, Xəzərə tökülən çayların sululuğundan, eləcə də dəniz səthindən gedən buxarlanmanın həcmindən birbaşa asılıdır.
Bu baxımdan günəş aktivliyinin Xəzərin səviyyəsinə müəyyən təsir göstərməsi ehtimalı nəzəri cəhətdən mümkündür. Günəş aktivliyi temperatur dəyişikliklərinə, buxarlanma proseslərinə və Yer kürəsindəki müxtəlif iqlim proseslərinə təsir edə bilər. Ancaq bu əlaqələr kifayət qədər ümumi və dolayı xarakter daşıyır. Onların məhz Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərə birbaşa təsirini elmi şəkildə sübut etmək olduqca çətindir. Mövcud empirik məlumatlar da bu əlaqəni birmənalı şəkildə təsdiqləmir.
Ona görə də Xəzər dənizinin səviyyəsinin sabitləşdirilməsi və su balansının qorunması məsələsində əsas diqqət Xəzərə tökülən çayların su ehtiyatlarının artırılmasına, onların qorunmasına və səmərəli idarə olunmasına yönəldilməlidir. Xəzəryanı ölkələr bu məsələdə bir araya gəlməli, regional əməkdaşlığı gücləndirməli və Xəzərin su ehtiyatlarının qorunması istiqamətində birgə səylərini artırmalıdırlar”-deyə ekspert vurğuladı.
Biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin fikrincə, burada bir sıra amillər var, o cümlədən də Rusiya faktoru nəzərdən qaçmamalıdır.
“Volqa çayı üzərində yaradılmış iri su anbarları və hidroenergetika sistemi çayın təbii hidroloji rejimini əhəmiyyətli dərəcədə dəyişib.
Su anbarlarının fəaliyyəti çayın mövsümi axımını tənzimləyir, yaz daşqınlarının intensivliyini dəyişir və suyun il ərzində paylanmasına təsir göstərir.
Səfərov və həmmüəlliflərin məlumatlarına əsasən, Volqanın təbii və tənzimlənən rejimləri arasında illik orta axım həcmi baxımından fərq nisbətən kiçik olsa da, il ərzində axımın paylanmasında əhəmiyyətli dəyişikliklər baş vermişdir.
Bununla yanaşı, su anbarlarının geniş səthlərindən buxarlanma və təsərrüfat məqsədilə geri qaytarılmayan su istehlakı çayın Xəzərə gətirdiyi suyun ümumi həcmini azalda bilər.
Su anbarlarında suyun müvəqqəti saxlanılması ilə suyun hövzədən faktiki itirilməsi eyni proses deyil. Su anbarları mövsümi axımı dəyişə bilər, lakin illik axımın azalmasının dəqiq miqdarı ayrıca su balansı hesablamaları ilə müəyyənləşdirilməlidir”-deyə S.Qarayev qeyd etdi.
İradə SARIYEVA