Azərbaycanda uşaqların energetik içkilərdən istifadəsinin qarşısının alınması məqsədilə mövcud qanunvericiliyin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var.
Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilib.
Ombudsman qeyd edib ki, uşaqlar arasında energetik içkilərdən istifadə hallarının geniş yayılması xüsusi diqqət tələb edir.
Onun sözlərinə görə, Ombudsman Aparatının apardığı monitorinqlərin nəticələri və beynəlxalq təcrübənin təhlili bu sahədə qanunvericiliyin və mövcud nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini göstərir.
Səbinə Əliyeva bildirib ki, aparılan araşdırmalar və vəziyyətin yaxşılaşdırılmasına dair hazırlanmış təkliflər aidiyyəti dövlət orqanlarına göndərilib. Həmin qurumların cavab məktublarında qaldırılan məsələlərin fəaliyyətlərində nəzərə alınacağı qeyd olunub.