"Peşəyönümlü təhsilin inkişafına yardım" IB (PTİYİB) ictimai əsaslarla "Süni intellekt dövrünün tələbəsi necə olmalıdır" adlı layihə icra edir. Onlayn formatda reallaşan layihə çərçivəsində UNEC-in Zaqatala filialının tələbələri üçün təlimlər keçirilmişdir. Təlimdə süni intellekt mühitində səmərəli öyrənmə yolları haqqında tələbələrə praktik tövsiyyələr verilmişdir. Onlayn təlimləri PTİYİB sədri, dosent İlham Əhmədov aparmışdır.
Təlimin məqsədi Sİ-dən istifadə etməklə tələbələrin düşünən, yaradıcı, müstəqil və məsuliyyətli olmalarına elmi- metodik dəstək verməkdir.
Gələcəyin əsas bacarığı Sİ bilmək yox, onun köməyi ilə keyfiyyətli düşünməkdir. Müasir tələbə düzgün sual verməyi, problemi müəyyənləşdirməyi, Sİ-dən ağıllı istifadə etməyi, alınan məlumatı yoxlamağı, səhvi görməyi, öz fikrini formalaşdırmağı bacarmalıdır. Gələcəkdə Sİ ilə düşünən insanla, özü düşünməyib, bunu Sİ-yə həvalə edən insan arasında böyük fərq olacaq. Sİ universitet təhsilinin ənənəvi modelini tam dəyişdirir.
Sİ tələbənin əvəzinə düşünməməlidir. Sİ onun daha yaxşı düşünməsinə kömək etməlidir. Gənclərin süni intellektdən səmərəli istifadəsi üçün belə təlimlərin digər univeritetlərin tələbələri ilə də təşkil edilməsi nəzərdə tutlur.