Son dövlər yenidən Bakı Təşəbbüs Qrupunun (BTQ) rəqəmsal informasiya resurslarına qarşı xarici ölkələrdən məqsədyönlü və sistemli şəkildə kiberhücumlar həyata keçirilir. Bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.
Qeyd edilib ki, təşkilatın sosial media hesablarına qarşı ardıcıl giriş cəhdləri, kütləvi və əsassız şikayətlər vasitəsilə səhifələrin bloklanmasına yönəlmiş addımlar, eləcə də rəsmi internet saytının normal fəaliyyətini pozmağa istiqamətlənmiş kiberhücumlar ciddi narahatlıq doğurur.
Aparılan texniki araşdırmalar və təhlillər rəsmi internet saytına və sosial media hesablarına yönəlmiş kiber fəaliyyətin əhəmiyyətli hissəsinin Fransa və Hindistan ərazisindəki şəbəkələrdən qaynaqlandığını göstərir.
BTQ müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi, onların səslərinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də müxtəlif siyasi tərəflərin özünü sərbəst ifadə etməsi üçün açıq və azad platforma rolunu oynayır. Belə bir təşkilatın sosial media hesablarına sistemli şəkildə kiberhücumlar həyata keçirmək söz və ifadə azadlığına, fikir müxtəlifliyinə və açıq dialoq prinsiplərinə ziddir.
Hesab edirik ki, fərqli mövqelərin ifadə edilməsinin qarşısını almağa cəhdlər etmək, alternativ fikirləri susdurmağa və informasiya mübadiləsini məhdudlaşdırmağa çalışmaq fundamental insan hüquqlarını kobud şəkildə pozur. Mövcud fikir ayrılıqları kiberhücumlar və rəqəmsal platformaların bloklanması yolu ilə deyil, qarşılıqlı hörmətə əsaslanan açıq və konstruktiv dialoq vasitəsilə həll edilməlidir.
Bu baxımdan, təşkilatımızın fəaliyyətinə qarşı hücumları sifariş verən və ya həyata keçirən dövlətləri qanuni fəaliyyətimizə mane olmaqdan çəkinməyə çağırırıq.
Bakı Təşəbbüs Qrupu bütün bu təzyiq və maneələrə baxmayaraq, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi, söz azadlığının təşviqi və beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcəkdir.
ZÜMRÜD