Rusiya ordusu noyabrın 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib. Hücum nəticəsində üç nəfər ölüb, 15 nəfər yaralanıb. Kiyevin meri Vitali Kliçko məlumat verib ki, yaralılardan yeddisi xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, hücumun əsas hədəfləri Dnepr çayı üzərindəki Podolsko-Voskresenski, Darnitski və Cənub körpüləri olub. Zərbələrdən sonra Podolsko-Voskresenski körpüsündə hərəkət tam dayandırılıb, digər iki körpüdə isə məhdudiyyətlər tətbiq edilib.
Kiyev Hərbi Administrasiyasının məlumatına görə, şəhərin üç rayonunda yanğınlar baş verib, kritik infrastruktur obyektinə ziyan dəyib.
Həmin gecə Lvov, Xarkov, Zaporojye və Dnepropetrovsk vilayəti də hücuma məruz qalıb. Xarkovda xəstəxanaya dron zərbəsi nəticəsində dörd nəfər, Zaporojyedə tramvaya PUA düşməsi nəticəsində bir qadın, Dnepropetrovsk vilayətinin Joltıye Vodı şəhərində isə beş nəfər yaralanıb.
Qeyd edək ki, bundan bir neçə saat əvvəl Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünə Ukraynanın hücumlarına cavabın daha ağrılı olacağını bildirmişdi. O, Moskvanın Kiyevlə enerji infrastrukturu və Qara dənizdəki kommersiya gəmilərinə zərbələrin dayandırılması barədə razılaşma əldə etməyi planlaşdırmadığını da açıqlamışdı.
Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın Kiyev və daha beş vilayətində hərbi sənaye müəssisələrinin, anbarların, enerji və nəqliyyat infrastrukturu obyektlərinin vurulduğunu bəyan edib.
Tahir TAĞIYEV