Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, dövlət başçısı tabeliyində olan şəxslər buna layiq olsalar belə, onlarla danışarkən söyüşdən istifadə etməməlidir. Bununla belə, o, bəzən özü də bu qaydanı pozduğunu və xüsusilə kənd təsərrüfatı naziri ilə sahələrdə söhbət zamanı nalayiq ifadələr işlətdiyini etiraf edib.
Bu barədə Lukaşenko Minskdə hakimlər korpusunun nümayəndələri ilə keçirdiyi müşavirədə danışıb.
Belarus lideri bildirib ki, insan başqalarına irad bildirməzdən əvvəl öz davranışını qiymətləndirməlidir.
“Bu prinsipimi nəzərə alın: başqalarına irad bildirməzdən əvvəl güzgüyə bax. Mən bunu hər gün edirəm. Özümə sual verirəm: düzgün davranıram, ya yox? Kənd təsərrüfatı nazirini sahədə söyüşlə danlayıram – bu, düzgündürmü? Sonra ondan üzr istəyirəm”, – deyə Lukaşenko bildirib.
O vurğulayıb ki, prezident tabeliyində çalışan şəxslərə qarşı nalayiq ifadələr işlətməməlidir. Bununla yanaşı, dövlət başçısı məmurların rəhbərliyə yalan məlumat verməsini qəbuledilməz hesab etdiyini bildirib.
Lukaşenko xüsusilə dövlət vəsaitlərinin böyük məbləğdə xərclənməsinə baxmayaraq, vəzifəli şəxslərin rəhbərləri aldatmasını tənqid edib.
“Xüsusilə yalan danışanda, bunun üçün külli miqdarda pul xərcləyəndə... Bu, yolverilməzdir”, – deyə Belarus prezidenti əlavə edib.
Tahir TAĞIYEV