Bəlli olduğu kimi, bu günlərdə dünya siyasətində yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə biləcək hadisə baş verib. Çinin Şençjen şəhərində ABŞ prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpin ilk dəfə üçtərəfli formatda bir araya gəliblər. İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlardan keçdiyi bir dövrdə baş tutan bu görüş təkcə üç dövlətin münasibətləri baxımından deyil, bütövlükdə dünya nizamının gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşün ən diqqətçəkən tərəfi ABŞ prezidentinin Rusiya və Çin liderləri ilə nümayiş etdirdiyi yaxın münasibət, xüsusilə də Putini açıq şəkildə “dostum” adlandırması olub. Liderlər nüvə müharibəsinin yolverilməzliyini təsdiqləyən və nüvə risklərinin azaldılması üzrə dialoqu davam etdirməyi nəzərdə tutan birgə sülh bəyanatı qəbul ediblər. Bununla belə, sənəddə Rusiyanın Ukraynaya qarşı müharibəsinə toxunulmaması və konkret silahsızlanma mexanizmlərinin müəyyən edilməməsi görüşün real nəticələrinin hələlik məhdud olduğunu göstərir. Lakin Şençjen görüşündən daha ciddi siyasi rezonans doğuran hadisə Trampın bundan bir neçə saat sonra Avropa liderləri ilə telefon danışığı zamanı səsləndirdiyi fikirlər olub. Məlumatlara görə, Tramp Ukraynaya hərbi və maliyyə yardımlarını davam etdirən Avropa dövlətlərini sərt şəkildə sorğulayıb. O, avropalı müttəfiqlərindən Kiyevə milyardlarla dollar vəsait ayırmağın səbəbini soruşub və bu pulların öz ölkələrinin inkişafına yönəldilməsinin daha məqsədəuyğun olacağını bildirib. Tramp, həmçinin, Putinin sülh danışıqlarında iştirak etmək niyyətində olduğuna inandığını ifadə edib. Bu yanaşma Vaşinqtonun Ukrayna müharibəsinə münasibətində Avropadan fərqli strateji prioritetlərin formalaşdığını göstərir. Tramp administrasiyası müharibənin mümkün qədər tez başa çatdırılmasını və ABŞ-ın bu prosesə çəkdiyi xərclərin azaldılmasını əsas məqsədlərdən biri hesab edir. Avropa dövlətləri isə Rusiyanın Ukraynada hərbi məqsədlərinə nail olmasını yalnız Ukraynanın deyil, bütövlükdə Avropa təhlükəsizlik sisteminin gələcəyi üçün təhlükə kimi qiymətləndirirlər.
Burada əsas ziddiyyət müharibənin dayandırılması məsələsində deyil, sülhün hansı şərtlərlə əldə olunmasındadır. Avropa üçün Ukraynanın ərazi bütövlüyü, suverenliyi və gələcək təhlükəsizlik təminatları prinsipial məsələdir. Vaşinqtonun Moskva ilə birbaşa razılaşma əldə etməyə üstünlük verməsi isə Avropada belə bir narahatlıq yaradır ki, qitənin gələcəyinə dair qərarlar Avropa dövlətlərinin iştirakı olmadan qəbul edilə bilər. Bu fonda Berlində keçirilən Avropa müttəfiqlərinin toplantısında da bu narahatlıq açıq şəkildə hiss olunub. Polşanın baş naziri Donald Tusk Putinin Avropa üçün dost olmadığını bəyan edib. Almaniya kansleri Fridrix Merts isə Ukraynanın və Avropanın iştirakı olmadan əldə ediləcək razılaşmanın davamlı sülh gətirməyəcəyini vurğulayıb. NATO-nun baş katibi Mark Rütte isə Trampın diplomatik səylərini dəstəkləməklə müttəfiqlər arasında gərginliyin artmasının qarşısını almağa çalışıb.
Bütün bunlar NATO daxilində ciddi siyasi fikir ayrılıqlarının dərinləşməsi ehtimalını artırır. Alyansın əsas gücü onun üzvləri arasında kollektiv müdafiə prinsipinə və siyasi həmrəyliyə əsaslanır. Lakin ABŞ və Avropanın Rusiya təhlükəsini fərqli qiymətləndirməsi bu həmrəyliyin zəifləməsinə səbəb ola bilər. Əgər Vaşinqton Ukraynaya dəstəyi daha da məhdudlaşdırarsa, Avropa ölkələri öz müdafiə imkanlarını artırmağa, hərbi sənayeyə daha çox investisiya yatırmağa və ABŞ-dan strateji asılılığı azaltmağa məcbur qalacaqlar. Digər tərəfdən, bu proses NATO-nun dağılması demək deyil. ABŞ-ın hərbi potensialı, Avropadakı hərbi infrastrukturu və transatlantik təhlükəsizlik əlaqələri hələ də alyansın əsas dayaqlarıdır. Ancaq siyasi etimadın zəifləməsi hərbi imkanların mövcudluğu qədər ciddi problemdir. Şençjen görüşünün Moskva üçün ayrıca əhəmiyyəti var. Bununla Putin ABŞ prezidentinin yanında beynəlxalq səviyyədə legitim tərəfdaş kimi görünmək və Rusiyanın diplomatik təcridini zəiflətmək imkanı əldə edib. Çin isə özünü qlobal siyasi proseslərin əsas mərkəzlərindən biri kimi təqdim edib. Bu mənzərə Avropa paytaxtlarında narahatlıq doğurur. Baş verənlər sadəcə Trampın Ukrayna siyasətindəki növbəti dəyişiklik deyil, Qərbin geosiyasi birliyinin gələcəyinə dair ciddi suallar yaradan hadisədir. Ən böyük təhlükə NATO-nun formal mövcudluğunun qorunub saxlanılması, lakin onun daxilində strateji etimadın tədricən itirilməsidir. Transatlantik münasibətlərin gələcəyi isə Vaşinqtonun müttəfiqləri ilə münasibətlərdə ortaq maraqları nə dərəcədə nəzərə alacağından asılı olacaq.
Tahir TAĞIYEV