Moskvanı Ukraynanın zərbələri, yoxsa Vaşinqtonun güzəştləri dayandıra bilər?
Ukrayna müharibəsinin dayandırılması istiqamətində ABŞ-ın yürütdüyü siyasət getdikcə daha çox suallar doğurur. Xüsusilə Vaşinqtonun bir tərəfdən Moskva ilə danışıqları intensivləşdirməsi, digər tərəfdən isə Ukraynanın Rusiyanın hərbi və strateji obyektlərinə zərbələrini tənqid etməsi Qərb koalisiyasında yanaşma fərqlərini üzə çıxarır. Bu fərqlər artıq yalnız diplomatik bəyanatlarla məhdudlaşmır, müharibənin hansı vasitələrlə dayandırılmalı olduğu məsələsində də ciddi fikir ayrılığı yaradır.
Noyabrın 17-də Brüsseldə keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbinin mövqeyi bu baxımdan diqqət çəkən hadisələrdən biridir. Kolbi Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələrin müharibənin gedişinə ciddi təsir göstərmədiyini bildirib. O, hətta Ukrayna müdafiə nazirinin qapalı məruzəsini dinləmədən iclası tərk edib. Bu davranış Avropa nümayəndələrinin narazılığına səbəb olub. Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ rəsmisinin mövqeyini sərt şəkildə tənqid edib, Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq isə Ukraynanın uzaqmənzilli zərbələrinin Rusiyanın hərbi imkanlarını zəiflətməyə xidmət etdiyini vurğulayıb.
Əslində, burada söhbət yalnız Ukraynanın hansı hərbi taktikanı seçməsindən getmir. Məsələnin daha ciddi tərəfi Rusiyanın müharibəni davam etdirmək imkanlarının hansı üsullarla məhdudlaşdırılmasıdır. Çünki Moskvanın hərbi-siyasi rəhbərliyi müharibənin davam etdirilməsinin mümkünlüyünü qiymətləndirərkən həm cəbhədəki vəziyyəti, həm iqtisadi resursları, həm də beynəlxalq siyasi şəraiti nəzərə alır.
Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsi ilk növbədə Moskvanın müharibəni öz ərazisindən uzaqda aparmaq imkanlarını məhdudlaşdırır. Rusiya uzun müddət çalışırdı ki, müharibənin əsas ağırlığını Ukrayna ərazisində saxlasın, öz əhalisi isə münaqişənin nəticələrini mümkün qədər az hiss etsin. Lakin neft emalı zavodlarına, hərbi istehsal müəssisələrinə, logistika mərkəzlərinə, silah-sursat anbarlarına və strateji nəqliyyat infrastrukturlarına zərbələr bu hesablamaları çətinləşdirir.
Belə hücumların əhəmiyyəti yalnız fiziki dağıntı ilə ölçülməməlidir. Onlar Rusiyanın hərbi təchizat zəncirinə əlavə xərc yaradır, hava hücumundan müdafiə sistemlərinin daha geniş ərazilərdə yerləşdirilməsini tələb edir və hərbi resursların bir hissəsini cəbhədən arxa bölgələrin müdafiəsinə yönəltməyə məcbur edir. Bu isə Moskvanın müharibəni əvvəlki intensivliklə davam etdirmək imkanlarına təsir göstərə bilər.
Krım körpüsünə endirilən zərbələr də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Körpü təkcə Rusiyanın işğal etdiyi Krımla materik arasında nəqliyyat əlaqəsi deyil, həm də hərbi təchizat və siyasi simvolizm baxımından mühüm infrastrukturdur. Onun fəaliyyətinin pozulması Rusiyanın logistikasına əlavə çətinlik yarada, eyni zamanda Kremlin işğal etdiyi əraziləri qorumaq imkanlarının toxunulmaz olmadığını nümayiş etdirə bilər.
Hücumların real nəticəsi hədəfin hərbi əhəmiyyətindən, vurulan obyektin fəaliyyətinin nə müddətə dayandırılmasından, Rusiyanın alternativ logistika imkanlarından və yaranan zərərin bərpa müddətindən asılıdır. Mülki infrastruktura və əhaliyə yönələn hücumlar isə həm humanitar, həm də siyasi baxımdan əks nəticə verə bilər. Deməli, əsas məsələ zərbələrin sayından daha çox onların hərbi məqsədəuyğunluğu və nəticəsidir.
Lakin Rusiyaya təzyiq göstərilməsinin digər və daha mühüm istiqaməti iqtisadi və siyasi müstəvidədir. Moskva üçün müharibənin davam etdirilməsinin əsas şərtlərindən biri maliyyə və enerji resurslarına çıxış imkanlarının qorunmasıdır. Rusiya enerji ixracından əldə etdiyi gəlirlər hesabına hərbi xərclərini maliyyələşdirir, silah istehsalını və ordunun təminatını davam etdirir. Bu baxımdan ABŞ və Avropa İttifaqının sanksiyaları Rusiyanın müharibə potensialını məhdudlaşdıran əsas vasitələrdən biridir.
Vaşinqtonun sanksiyaların yumşaldılması istiqamətində atdığı addımlar isə Moskvanın hesablamalarına fərqli təsir göstərə bilər. Məsələn, Tramp administrasiyası oktyabrın 16-da Rusiya və İrana qarşı nəzərdə tutulan bəzi sanksiya məhdudiyyətlərinin tətbiqindən imtina edilməsi barədə qərar verib. Ağ Ev bunu Ukrayna müharibəsinin dayanıqlı sülhlə başa çatdırılması istiqamətində aparılan danışıqlara mane olmamaqla əsaslandırıb.
Ancaq burada mühüm bir ziddiyyət meydana çıxır. Sanksiyalar Rusiyanın müharibə aparmaq imkanlarını məhdudlaşdırmaq üçün tətbiq edilibsə, onların danışıqlar prosesində güzəşt vasitəsinə çevrilməsi Moskvanın mövqeyini gücləndirə bilər. Rusiya rəhbərliyi belə qənaətə gələ bilər ki, müharibəni davam etdirməklə Qərbi iqtisadi və siyasi güzəştlərə məcbur etmək mümkündür. Bu halda sanksiyaların yumşaldılması Kremlin müharibəni dayandırmaq motivasiyasını artırmaq əvəzinə, əksinə, onun gözləntilərini yüksəldə bilər.
Putinin beynəlxalq zirvə görüşlərinə dəvət edilməsi və onunla birbaşa danışıqların aparılması da eyni kontekstdə qiymətləndirilməlidir. Diplomatiya müharibələrin dayandırılması üçün vacib vasitədir. Rusiya kimi nüvə dövlətinin rəhbərliyi ilə danışıqlar aparılması özlüyündə yanlış yanaşma sayıla bilməz. Lakin diplomatik təmasların nəticə verməsi üçün tərəflərin mövqeləri arasında müəyyən qarşılıqlılıq olmalıdır. Əgər Moskva danışıqlar masasında siyasi legitimlik və iqtisadi güzəştlər əldə edir, bunun müqabilində isə işğal etdiyi ərazilər üzərində nəzarətini saxlamaq imkanı qazanırsa, bu, sülh deyil, təcavüzün nəticələrinin rəsmiləşdirilməsi kimi qəbul oluna bilər.
Xüsusilə Ukraynaya Donbasdan imtina etməyi nəzərdə tutan təkliflərin irəli sürülməsi ciddi təhlükələr yaradır. Çünki ərazi güzəştləri Rusiyanın müharibə yolu ilə siyasi məqsədlərinə çatdığı təəssüratını formalaşdıra bilər. Belə bir nəticə təkcə Ukraynanın təhlükəsizliyinə deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminə mənfi təsir göstərər. Digər dövlətlər də hərbi gücdən istifadə etməklə ərazi və siyasi güzəştlər əldə etməyin mümkün olduğu qənaətinə gələ bilərlər.
Burada əsas məsələ Moskvanın güzəştləri necə qəbul etməsidir. Əgər Kreml Qərbin geri çəkilməsini öz siyasətinin uğuru kimi qiymətləndirərsə, əldə etdiyi nəticələrlə kifayətlənməyə bilər. Əksinə, növbəti mərhələdə daha geniş tələblər irəli sürmək üçün əlverişli şərait yarandığını düşünə bilər. Çünki Rusiyanın Ukraynaya qarşı müharibəsi yalnız müəyyən ərazilərə nəzarət məsələsindən ibarət deyil. Moskvanın məqsədləri Ukraynanın xarici siyasət istiqamətinə, təhlükəsizlik seçimlərinə və ümumilikdə postsovet məkanında Qərbin təsir imkanlarına da aiddir.
ABŞ-la Avropa arasında yaranan fikir ayrılıqları da Rusiyanın maraqlarına xidmət edə biləcək amillərdəndir. Vaşinqtonun Ukraynaya hərbi dəstəyin məhdudlaşdırılması və danışıqlarda daha çox güzəştə gedilməsi istiqamətində mövqe nümayiş etdirməsi Avropa dövlətlərini alternativ təhlükəsizlik mexanizmləri yaratmağa sövq edir. Lakin Qərbin vahid mövqeyinin zəifləməsi Moskvanın diplomatik manevr imkanlarını genişləndirir. Rusiya ABŞ-la ayrı, Avropa dövlətləri ilə ayrı münasibətlər qurmaqla müttəfiqlər arasındakı ziddiyyətlərdən istifadə edir.
Bununla belə, Vaşinqtonun yanaşmasını yalnız Rusiyaya güzəşt kimi qiymətləndirmək də müəyyən mənada birtərəfli olardı. ABŞ administrasiyası müharibənin uzanmasının yaratdığı iqtisadi və hərbi xərcləri azaltmaq, Avropanın təhlükəsizlik məsuliyyətini artırmaq və Moskvanı danışıqlar masasına gətirmək istəyir. Ancaq bu strategiyanın uğuru Rusiyanın danışıqlara nə dərəcədə səmimi yanaşmasından və əldə ediləcək razılaşmanın hansı təhlükəsizlik təminatlarına əsaslanmasından asılıdır.
Nəticə etibarilə, Ukraynanın Rusiyanın dərinliklərinə zərbələri ilə Vaşinqtonun Moskva ilə siyasi-diplomatik təmaslarını bir-birinə alternativ vasitələr kimi nəzərdən keçirmək düzgün deyil. Hərbi təzyiq Rusiyanın müharibə aparmaq imkanlarını zəiflətməli, iqtisadi sanksiyalar bu imkanların maliyyə əsaslarını məhdudlaşdırmalı, diplomatiya isə yaranan təzyiqi konkret siyasi nəticəyə çevirməlidir. Bu vasitələr bir-birini tamamladıqda daha təsirli ola bilər.
Əgər diplomatiya hərbi və iqtisadi təzyiqlə müşayiət olunmursa, Moskva bunu güzəştə getmək üçün fürsət kimi deyil, öz mövqeyini möhkəmləndirmək imkanı kimi qəbul edə bilər. Eyni zamanda, yalnız hərbi zərbələrlə Rusiyanı danışıqlara məcbur etmək də çətin olacaq. Ona görə də Ukraynanın hərbi imkanlarının qorunması, Rusiyaya qarşı sanksiyaların real təzyiq vasitəsi kimi saxlanılması və danışıqlarda Ukraynanın suverenliyinin əsas prinsip kimi qəbul edilməsi vacibdir.
Ən mühüm məqam isə budur ki, Rusiyanın təcavüzkar siyasətinin qarşısını almaq üçün ona müharibənin davam etdirilməsinin baha başa gələcəyi, ərazi işğallarının siyasi qazanca çevrilməyəcəyi və güzəştlərin yalnız qarşılıqlı öhdəliklər əsasında mümkün olacağı göstərilməlidir. Əks halda, əldə ediləcək hər hansı müvəqqəti razılaşma müharibənin sonu deyil, Rusiyanın növbəti hərbi-siyasi mərhələyə hazırlaşması üçün fasilə ola bilər.
Akif NƏSİRLİ