Rusiyanın noyabrın 19-da Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində Niderland və Avstriya səfirliklərinin binalarına ziyan dəyib. Hadisə zamanı diplomatik nümayəndəliklərin əməkdaşları arasında xəsarət alan olmayıb. Bu barədə hər iki ölkənin hökumətləri məlumat yayıb.
Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger paytaxt Kiyevə hücumların intensivləşməsi ilə əlaqədar səfirliyin təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsi barədə göstəriş verdiyini bildirib.
Avstriyanın kansleri Kristian Ştoker isə qeyd edib ki, Rusiyanın Kiyevə son hücumu nəticəsində səfirliyin əməkdaşlarının təhlükə ilə üzləşməsi və diplomatik nümayəndəliyin binasına ziyan dəyməsi onu şoka salıb.
“Bu, tamamilə qəbuledilməzdir. Diplomatik nümayəndəliklər toxunulmazdır və hər zaman qorunmalıdır” – deyən Avstriya kansleri hadisə ilə bağlı Kiyevdəki diplomatik heyətlə telefonla danışdığını bildirib.
“Onların fiziki xəsarət almamasına görə son dərəcə rahatlıq hiss edirəm. Belə çətin şəraitdə ölkəmizə xidmət etdiklərinə görə hər birinə səmimi təşəkkürümü bildirirəm”, – deyə Ştoker əlavə edib.
Niderlandın xarici işlər naziri Tom Berendsen isə raketin səfirliyin arxasında yerləşən binaya düşdüyünü, nəticədə diplomatik nümayəndəliyə cüzi ziyan dəydiyini açıqlayıb. Bununla əlaqədar Niderland Xarici İşlər Nazirliyi Rusiyanın səfirini izahat vermək üçün çağırıb.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da hadisəyə münasibət bildirib. O qeyd edib ki, Rusiya zərbələri nəticəsində Avropa və digər ölkələrin bir sıra səfirlik binalarına ziyan dəyib.
Kallas diplomatik nümayəndəliklərin beynəlxalq hüquqla qorunduğunu xatırladaraq, Aİ-nin Rusiyanın bu addımlarına cavab olaraq Rusiyanın Aİ yanındakı nümayəndəsini çağıracağını bildirib. O, həmçinin Ukraynaya dəstəyin artırılacağını və Moskva üzərində təzyiqin gücləndiriləcəyini vurğulayıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiga isə Rusiya hücumu zamanı pilotsuz uçuş aparatının qalıqlarının Braziliyanın Kiyevdəki səfirliyinin ərazisinə düşdüyünü açıqlayıb. Onun sözlərinə görə, binaya ziyan dəyməyib və xəsarət alan olmayıb.
Qeyd edək ki, Niderlandın müdafiə şirkəti “Destinus” noyabrın 17-də Ukraynanın Krım körpüsünə hücumlarda şirkət tərəfindən istehsal olunan “Ruta” qanadlı raketlərindən istifadə etdiyini açıqlamışdı. Bundan sonra Rusiya səfirliyi Niderlandın münaqişəyə cəlb olunma səviyyəsinin artdığını iddia edərək Haaqanın mövqeyini tənqid etmişdi.
Tahir TAĞIYEV