Əyyub Kərimli: “Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Vyetnam nəqliyyat və logistika əməkdaşlığının genişləndirilməsi ölkəmiz üçün həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır”
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində Orta Dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə Vyetnam və Avropa arasında yükdaşımaların inkişaf perspektivlərini vurğulayıb.
Prezident İlham Əliyev bildirib: “Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək”.
Yəni Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub marşrutu üzrəndən Vyetnamdan malların Avropaya və əks istiqamətə daşınması nə dərəcədə realdır və nə kimi fayda verə bilər? Eyni zamanda Orta Dəhlizlə Şimal-Cənub marşrutunun daşınma gücünü nə dərəcədə artıra bilər?
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Əyyub Kərimli baki-xeber.com-a bildirdi ki, Vyetnamdan Azərbaycana yüklərin ölkəmizin multimodal logistika infrastrukturu vasitəsilə daşınması ilə bağlı Prezidentin təşəbbüsü Azərbaycanın beynəlxalq tranzit potensialının genişləndirilməsi baxımından mühüm perspektivlər yaradır. “Hesab edirəm ki, bu təşəbbüs kifayət qədər ciddi iqtisadi əsaslara malikdir.
Vyetnam Cənub-Şərqi Asiyanın mühüm istehsal və ixrac mərkəzlərindən biridir. Ölkə elektronika, tekstil, ayaqqabı, kənd təsərrüfatı məhsulları və müxtəlif sənaye mallarının ixracında əhəmiyyətli mövqeyə sahibdir. Avropa İttifaqı isə Vyetnamın əsas ticarət tərəfdaşlarından biridir. Bu baxımdan Azərbaycan üzərindən yeni nəqliyyat-logistika marşrutlarının formalaşdırılması hər iki tərəf üçün iqtisadi baxımdan əlverişli imkanlar yarada bilər.
Azərbaycanın əsas üstünlüyü onun həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsidir. Bu coğrafi mövqe müxtəlif istiqamətlərdən gələn yüklərin birləşdirilməsi, çeşidlənməsi və alternativ bazarlara yönləndirilməsi üçün geniş imkanlar açır.
Vyetnam yüklərinin Azərbaycan üzərindən daşınması yalnız ölkəmizin tranzit əhəmiyyətinin artmasına xidmət etməyəcək. Bu proses Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yollarının, logistika mərkəzlərinin, avtomobil nəqliyyatı infrastrukturunun və gömrük xidmətlərinin iqtisadi rolunun daha da yüksəlməsinə səbəb ola bilər. Eyni zamanda, Azərbaycan sadəcə tranzit ölkə kimi deyil, regional logistika və əlavə dəyər yaradan xidmətlər mərkəzi kimi mövqeyini gücləndirə bilər”.
Ə.Kərimli vurğuladı ki, Azərbaycan-Vyetnam iqtisadi əlaqələrinin inkişafında da müəyyən dinamika müşahidə olunur. Ekspert qeyd etdi ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi, cari ilin ilk doqquz ayında isə ikitərəfli ticarət dövriyyəsinin əvvəlki dövrlə müqayisədə əhəmiyyətli artım göstərməsi bu münasibətlərin genişlənməkdə olduğunu ortaya qoyur. “Əvvəlki illərdə ticarət dövriyyəsinin daha yüksək göstəricilərə çatması da iki ölkə arasında iqtisadi potensialın mövcudluğunu təsdiqləyir. Düşünürəm ki, əsas məsələ bu potensialdan daha səmərəli istifadə etmək və iqtisadi əməkdaşlığı davamlı inkişaf mərhələsinə keçirməkdir.
Vyetnamdan gələn yüklərin Azərbaycan üzərindən Avropaya çatdırılması üçün bir neçə alternativ marşrut mövcuddur. Bu yüklər Çin və Mərkəzi Asiya üzərindən, daha sonra Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarlarına yönləndirilə bilər. Digər alternativ isə dəniz yolu ilə İran istiqamətində daşınan yüklərin Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan ərazisindən keçirilməsidir. Marşrutların diversifikasiyası yükdaşıma prosesində çevikliyi artırmaqla yanaşı, logistika xərclərinin optimallaşdırılması baxımından da əhəmiyyətlidir.
Rəsmi məlumatlara əsasən, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanda tranzit daşımaların həcmi 12 milyon tonu ötüb və əvvəlki dövrlə müqayisədə artım qeydə alınıb. Şərq istiqamətində daşımaların artması isə ölkəmizin beynəlxalq nəqliyyat marşrutlarında mövqeyinin gücləndiyini göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Vyetnam nəqliyyat və logistika əməkdaşlığının genişləndirilməsi ölkəmiz üçün həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır. Əgər tərəflər rəqabətqabiliyyətli tariflərin formalaşdırılması, sabit yük axınlarının təmin edilməsi, marşrutların koordinasiyası və rəqəmsallaşma istiqamətində effektiv mexanizmlər yarada bilsələr, Azərbaycan Cənub-Şərqi Asiya ilə Avropa arasında daha mühüm tranzit qovşağına çevrilə bilər.
Bu proses uzunmüddətli perspektivdə ölkəmizin tranzit gəlirlərinin artmasına, qeyri-neft iqtisadiyyatının şaxələndirilməsinə, logistika sektorunda yeni investisiyaların cəlb olunmasına və Azərbaycanın beynəlxalq ticarət sistemində mövqeyinin daha da möhkəmlənməsinə ciddi töhfə verə bilər”-deyə müsahibimiz qeyd etdi.
İradə SARIYEVA