Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş razılaşmaların qüvvədə qaldığını bəyan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Dublində baş tutan son görüşünü şərh edərkən danışıb.
TASS-ın məlumatına görə, Zaxarova Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinin davam etdirilməsini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasında dayanıqlı sülhün təmin olunması Cənubi Qafqazın sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
"Bakı ilə İrəvan arasında davamlı sülh bütün Cənubi Qafqazda sabitlik və rifah üçün əsas amillərdən biridir. Və bu, təkcə dövlətlərin özlərinin deyil, həm də onların yaxın qonşularının - Rusiya, İran və Türkiyənin maraqlarına uyğundur" - deyə Zaxarova bildirib.
Rusiya XİN rəsmisi əlavə edib ki, Azərbaycan və Ermənistan hazırda münasibətlərin normallaşdırılması ilə bağlı məsələləri birbaşa müzakirə etməyə üstünlük verirlər. Moskva tərəflərin bu yanaşmasına hörmətlə yanaşdığını, eyni zamanda, ehtiyac yaranacağı təqdirdə sülh prosesinə və ikitərəfli əməkdaşlığa dəstək göstərməyə hazır olduğunu bildirib.
Tahir TAĞIYEV