"Kitabi-Dədə Qorqud" eposu təkcə ədəbi-bədii abidə deyil, həm də Azərbaycan və ümumtürk xalqlarının erkən Orta əsrlər (VII–XI əsrlər) sosial-iqtisadi həyatını, dövlətçilik ənənələrini və maddi mədəniyyətini özündə ehtiva edən fundamental tarixi salnamədir.
Eposun formalaşdığı və əks etdirdiyi zaman kəsiyi — elmi ədəbiyyatda şərti olaraq Dədə Qorqud epoxası adlandırılan dövr Cənubi Qafqaz, Ön Asiya və Xəzəryanı hövzədə Oğuz Türklərinin hərbi-siyasi hegemonluğu və mədəni intibahı ilə səciyyələnir.
Müasir sənətşünaslıq və memarlıq tarixşünaslığında Dədə Qorqud epoxasının məkan mühitinin öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Belə ki, dastanın mətnində yer alan memarlıq terminologiyası və tikinti təsvirləri dövrün şəhərsalma prinsiplərini, müdafiə istehkamlarının quruluşunu, eləcə də mobil (köçəri) və stasionar (oturaq) memarlıq formalarının üzvi vəhdətini bərpa etməyə imkan verir. Ona görə də məqsədimiz, eposun poetik qatlarında gizlənən memarlıq-məkan reallıqlarını nəzəri cəhətdən təhlil etmək və dövrün tikinti irsinə dair tarixi baxışları elmi dövriyyəyə daxil etməkdir.
Öncə təəssüf edək ki, XIX–XX əsrlərin şərqşünaslıq və memarlıq tarixşünaslığında Türk xalqlarının maddi mədəniyyətinə dair birtərəfli nəzəri yanaşma hökm sürmüşdür. Bu konsepsiyaya görə, Oğuz tayfaları yalnız köçəri həyat tərzi sürdükləri üçün onların monumental memarlıq və şəhərsalma ənənələri mövcud olmamışdır. Lakin həm "Kitabi-Dədə Qorqud" dastanının dərindən təhlili, həm də Azərbaycan və Şərqi Anadolu ərazisində aparılan arxeoloji tədqiqatlar bu nəzəriyyənin əsassız olduğunu sübut edir.
Məsələn, görkəmli türkoloq və filoloq alim Tofiq Hacıyev dastandakı yaşayış məskənlərini və çadır mədəniyyətini təhlil edərək göstərir ki, oğuzların çadır tikililəri ibtidai köçəri sığınacaqları deyil, dövrün yüksək mərasim mədəniyyətini nümayiş etdirən, müasir mənada möhtəşəm mərasim saraylarının və açıq hava komplekslərinin funksional analoqu idi. Bu məsəliyə yaxıdan baxanda görürük ki, türk-islam memarlığının XII əsrdə meydana çıxmış Arran, Naxçıvan və Şirvan memarlıq məktəblərinin inkişafının kökündə məhz Dədə Qorqud epoxasından süzülüb gələn mürəkkəb konstruktiv düşüncə, həndəsi mütənasiblik və məkan təşkili ənənələri dayanır.
Araşdırmalardan görünür ki, Dədə Qorqud epoxasının memarlıq fəlsəfəsi ikili məkan modeli (yaylaq-qışlaq müştərəkliyi) üzərində qurulmuşdur. Onlardan birini dinamik (mobil), digərini statik (monumental) memarlıq adlandırmaq olar. Yəni dinamik memarlıq qurğuları, ilin isti aylarında yaylaqlarda qurulan, tez yığılıb-sökülən, lakin daxili tərtibatı və mühəndis həlli baxımından mükəmməl olan alaçıq, çadır və otaq kompleksləridi. Statiklər isə, qışlaq ərazilərdə, ticarət yollarının kəsişməsində və strateji yüksəkliklərdə daşdan və bişmiş kərpicdən ucaldılan qalalar, hasarlı şəhərlər, saraylar və körpülərdi.
"Kitabi-Dədə Qorqud" eposunda yaşayış və mərasim məkanları çadır, alaçıq, otaq, ban ev, gərdək və sayvan kimi spesifik memarlıq terminləri ilə ifadə olunur. Bu terminlər sadəcə sinonim sözlər deyil, konstruktiv quruluşuna, ölçüsünə, istifadə olunan materiala və sosial təyinatına görə fərqlənən memarlıq tipləridir. Dastanın birinci boyunda ("Dirsə xan oğlu Buğac xan boyu") Bayandır xanın verdiyi illik böyük mərasimin təsviri oğuzların məkan semantikasını və rəng rəmzlərini bütün aydınlığı ilə ortaya qoyur: "Xanlar xanı xan Bayındır yılda bir kərrə toy edib oğuz bəglərin qonaqlardı... Bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq qurdurmuşdı" Bununla yanaşı, dastanda "qızılı tağlı", "günlügi altun ban evlər" ifadələrinə tez-tez rast gəlinir. "Ban ev" termini hündür tavanlı, maili və ya günbəzvari dam örtüyünə malik olan, taxta konstruksiyalı və ya daş bünövrəli möhtəşəm mülkləri bildirir. Daxili interyerdə qızıl və gümüş dirəklərdən, ipək xalçalardan istifadə olunması mobil memarlığın saray dəbdəbəsi səviyyəsinə yüksəldiyini sübut edir. Dədə Qorqud epoxasının tarixi coğrafiyası Dərbənddən Trabzonadək, Gəncə, Bərdə, Naxçıvan, Əlincə, Qars, Bayburt və Amid (Diyarbəkir) şəhərlərinədək geniş bir arealı əhatə edir. Eposda bu yaşayış məntəqələrinin möhtəşəm müdafiə sistemləri — qalalar, hasarlar, bürclər və dəmir qapılar xüsusi dəqiqliklə təsvir edilir. Bununla yanaşı, dastanın müdafiə istehkamları və qala quruluşu haqqında olan açıqlamalarda, "Dəmir qapı Dərbənd", "Bayburt hasarı", "Düzmürd qalası", "Əlincə qalası" kimi istehkamların adı çəkilir.
Xüsusilə "Qanlı Qoca oğlu Qanturalı boyu"nda Trabzon Təkurunun qalası və "Qazılıq Qoca oğlu Yeynək boyu"nda Düzmürd qalasının təsviri dövrün fortifikasiya memarlığı haqqında mühüm məlumat verir. Burada, qalaların sıldırım qayalar üzərində inşa edilməsi, dərin xəndəklərlə əhatələnməsi və çoxqatlı daş divarlara malik olması Cənubi Qafqaz və Şərqi Anadolu memarlıq ənənələrinin tipik göstəricisidir. İctimai və mühəndis tikililəri haqqında, dastanın "Duxa Qoca oğlu Dəli Domrul boyu"nda təsvir edilən körpü memarlığı xüsusi maraq doğurur. Dəli Domrulun quru çayın üzərində daş körpü tikdirməsi və keçəndən-keçməyəndən bac alması süjeti həmin dövrdə mühəndis-kommunikasiya qurğularının (körpülərin, karvan yollarının) strateji və iqtisadi əhəmiyyətini əks etdirir. Azərbaycan memarlıq tarixində XI–XII əsrlərdə inşa edilmiş Xudafərin və Sınıq körpü kimi abidələrin tikinti ənənələri məhz bu epoxanın mühəndis təcrübəsinə söykənir. Bundan əlavə, dastanda memorial (sərdabə və türbələr) memarlığa da müəyyən işarələr var. Belə ki, eposda qəhrəmanların dəfn mərasimləri və məzarüstü tikililəri ilə bağlı məqamlar Türk-İslam memorial memarlığının (qülləvari və günbəzli türbələrin) ilkin rüşeymlərini görünür.
Tarixi mənbələrdə, o cümlədən XVII əsr səyyahı Adam Olearinin qeydlərində Dərbənddə Dədə Qorqudun, Urmiya yaxınlığında isə Burla xatunun məzar-türbələrinin mövcudluğu barədə məlumatların yer alması, epoxanın memorial abidələrinin əsrlər boyu müqəddəs ziyarətgah kimi qorunduğunu təsdiqləyir. Nəticə etibarı ilə qeyd edək ki, Dədə Qorqud epoxası memarlıq irsinin təhlili göstərir ki, erkən Orta əsr Oğuz cəmiyyəti primitiv köçəri məişətdən uzaq, yüksək səviyyədə təşkilatlanmış məkan, memarlıq mədəniyyətinə malik olmuşdur.
Eposda təsvir edilən ağ, qızıl və qara otaqlar sosial iyerarxiyanı və mənəvi dəyərləri memarlıq dilinə çevirən unikal məkan modelləridir. Eyni zamanda, dastanda yer alan qala, hasar, ban ev və körpü təsvirləri Azərbaycan və ümumtürk memarlıq məktəblərinin formalaşmasında Dədə Qorqud epoxasının keçid və təməl mərhələsi olduğunu təsdiqləyir. Bu irsin fənlərarası (memarlıq, arxeologiya, folklorşünaslıq) metodologiya ilə araşdırılması milli memarlıq tariximizin qaranlıq səhifələrinin işıqlandırılması baxımından mühüm elmi perspektivlər açır.
Rizvan QARABAĞLI
Memarlıq üzrə fəlsəfə doktoru,
dosent