ABŞ-ın maliyyə naziri Skott Bessent İrandan gəldiyi ehtimal olunan təhdidlər səbəbindən hələ də hərbi bazada yaşadığını açıqlayıb. O, bununla yanaşı, Tehrana qarşı iqtisadi təzyiqlərin daha da gücləndiriləcəyini bildirib.
“Əgər iranlılar məni hədəfə alırlarsa, deməli, təzyiq altındadırlar. Biz bu təzyiqləri artırmağa davam edəcəyik”, – deyə nazir bildirib.
ABŞ Maliyyə Nazirliyi son dövrlərdə İrana qarşı sanksiyaları sərtləşdirir. Fevral ayında ABŞ və İsrail İran ərazisinə zərbələr endirib. Münaqişənin diplomatik yolla həlli ilə bağlı vaxtaşırı danışıqlar aparılsa da, regionda gərginlik davam edir.
“The New York Times” qəzeti daha əvvəl məlumatlı mənbələrə istinadən yazıb ki, Skott Bessent İrandan gələn təhdidlər səbəbindən Vaşinqtondakı evini tərk edərək hərbi bazaya köçüb.
Nəşrin məlumatına görə, ABŞ rəsmiləri İranın hazırkı və keçmiş amerikalı vəzifəli şəxslərə qarşı hazırladığı ehtimal olunan sui-qəsd planlarının daha ciddi mərhələyə keçdiyi qənaətinə gəliblər.
Qeyd edək ki, Bessent avqust ayından etibarən Tehranın maliyyə təcridinə yönəlmiş iqtisadi təzyiq kampaniyasına rəhbərlik edir.
Tahir TAĞIYEV