Rusiya Xarici İşlər Nazirliyi Estoniya və Rumıniyanın diplomatik nümayəndələrini nazirliyə çağırıb. Moskva hər iki ölkənin son qərarlarına etirazını bildirib.
Rusiya XİN-in məlumatına görə, əvvəlcə Rumıniyanın Moskvadakı səfiri K. İstrate nazirliyə dəvət olunub. Ona Rusiya taekvondo yığmasının üzvlərinə viza verilməsindən imtina edilməsi ilə bağlı etiraz notası təqdim edilib.
Rusiya tərəfi bildirib ki, 12-14 yaşlı yeniyetmələr arasında taekvondo üzrə Avropa çempionatında iştirak etməli olan idmançılara viza verilməməsi milli mənsubiyyətə görə ayrı-seçkilikdir. Moskva uşaqların idman hüquqlarının məhdudlaşdırılmasını qəbuledilməz hesab etdiyini və idmanın siyasiləşdirilməsinə qarşı olduğunu vurğulayıb.
Bundan əlavə, Estoniyanın müvəqqəti işlər vəkili də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata əsasən, Estoniya noyabrın 20-də Rusiya ilə sərhəddə qalan keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edib. Tallinn bu addımını Rusiya xüsusi xidmət orqanlarının Estoniyanın hərbi sənaye müəssisələrindən birində törədilməsinə cəhd göstərildiyi iddia olunan yanğınla əlaqələndirib.
Rusiya XİN Estoniyanın qərarını münasibətlərin gərginləşməsinə səbəb olan addım kimi qiymətləndirib. Nazirlik bildirib ki, keçid məntəqələrinin birtərəfli qaydada bağlanması Rusiyada yaşayan və Estoniya ilə əlaqələri olan şəxslərin hüquq və maraqlarına zərər vurur, həmçinin iqtisadi və sosial sahədə mənfi nəticələrə səbəb ola bilər.
Moskva Estoniyanın bu qərarına qarşı milli maraqlarını qorumaq məqsədilə zəruri siyasi və diplomatik tədbirlər görmək hüququnu özündə saxladığını bəyan edib.
Tahir TAĞIYEV