Rusiya Türkiyə ilə S-400 zenit-raket komplekslərinin üçüncü ölkəyə mümkün təkrar satışı məsələsini müzakirə edir. Moskva bu mövzuda Ankara ilə dialoqun qarşılıqlı hörmət və anlaşma şəraitində aparıldığını bildirir.
Bu barədə Rusiyanın Ankaradakı səfiri Sergey Verşinin Türkiyə mediasına müsahibəsində danışıb.
Diplomat Türkiyənin S-400 sistemlərini başqa ölkəyə satmaq qərarına gələcəyi təqdirdə Rusiyanın mövqeyinin necə olacağı ilə bağlı suala cavabında bildirib ki, tərəflər məsələni sakit və konstruktiv şəkildə müzakirə edirlər.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da daha əvvəl S-400 sistemlərinin Türkiyədən Rusiyaya dost ölkələrdən birinə köçürülməsi məsələsinin gündəmdə olduğunu və bununla bağlı müvafiq işlərin aparıldığını açıqlayıb.
Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan ümumi dəyəri 2,5 milyard dollar olan dörd divizion S-400 hava hücumundan müdafiə sistemi alıb. 2019-cu ilin oktyabrında “Rosoboroneksport” tədarük müqaviləsinin icra olunduğunu elan edib.
S-400-lərin alınmasından sonra Türkiyə ABŞ-ın F-35 qırıcılarının istehsalı proqramından çıxarılıb.
2026-cı ilin iyulunda Türkiyənin hökumətyönlü “Hürriyet” qəzeti öz mənbələrinə istinadən S-400 sistemlərinin Fars körfəzi ölkələrindən birinə satıldığını yazıb. Mümkün alıcılar arasında Qətər və Birləşmiş Ərəb Əmirliklərinin adları çəkilib. Bununla belə, satışla bağlı rəsmi təsdiq verilməyib.
Tahir TAĞIYEV