Azərbaycanda uzun illərdir mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələrinin çıxarışla təmin olunmasına imkan yaradılması təklif edilir. Yeni qanunvericilik təşəbbüsü minlərlə vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı mövcud problemin həllinə yönəlib. Bunun üçün Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Təşəbbüs əsasən torpaq islahatı zamanı vətəndaşlara ayrılmış, lakin müxtəlif səbəblərdən mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış həyətyanı torpaq sahələrini əhatə edir.
Məsələnin yaranma səbəbi sənədləşmə qaydalarının dəyişməsi ilə bağlıdır. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2006-cı il iyulun 6-dək vətəndaşlara ayrılmış torpaq sahələri üzrə mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələr verirdi. Həmin tarixdən etibarən isə daşınmaz əmlak üzərində hüquqların təsdiqi üçün dövlət reyestrindən çıxarışların verilməsinə başlanılıb. Şəhadətnamələrin hazırlanması dayandırıldıqdan sonra vətəndaşlara torpaq sahələrinin plan və ölçü sənədləri təqdim edilib.
Lakin bu sənədlər hüquqmüəyyənedici sənəd hesab edilmədiyindən, onların əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olmayıb. Nəticədə eyni hüquqi əsasla torpaq əldə etmiş vətəndaşların bir qismi mülkiyyət şəhadətnaməsi, digər qismi isə yalnız plan-ölçü sənədi ilə kifayətlənməli olub.
Oxşar problem bələdiyyələr tərəfindən ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006–2015-ci illərdə plan-ölçüsü hazırlanmış həyətyanı torpaqlarda da mövcuddur.
Təklif olunan dəyişikliklər qəbul ediləcəyi təqdirdə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2015-ci il fevralın 6-da ləğv edilməsinədək “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin plan-ölçü sənədləri də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilə biləcək.
Beləliklə, müvafiq tələblərə cavab verən vətəndaşlar torpaq sahələri üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək və dövlət reyestrindən çıxarış almaq imkanı əldə edə bilərlər.
Qeyd edək ki, təklif olunan yeniliyin əsas məqsədi torpaq islahatı nəticəsində eyni hüquqi əsaslarla torpaq əldə etmiş, lakin sənədləşmə prosesindəki fərqlərə görə fərqli hüquqi vəziyyətdə qalmış vətəndaşlar arasında bərabərliyin təmin edilməsidir. Dəyişikliklər hələ təklif mərhələsindədir və onların qüvvəyə minməsi qanunvericilik qaydasında qəbul edilməsindən asılıdır.
Tahir TAĞIYEV