ABŞ Prezidenti Donald Tramp İranla uzunmüddətli və dəyişdirilməsi mümkün olmayan nüvə sazişi bağlamaq istədiyini açıqlayıb. Onun sözlərinə görə, razılaşma elə hazırlanmalıdır ki, gələcəkdə Ağ Evə gələcək prezidentlər belə Tehranın nüvə silahı əldə etməsinə imkan verə bilməsinlər.
Tramp bildirib ki, Vaşinqtonun məqsədi yalnız müvəqqəti razılaşma əldə etmək deyil, gələcək onilliklər ərzində qüvvədə qalacaq mexanizm yaratmaqdır.
“Biz razılaşma əldə edirik, ertəsi gün isə onlar həmin razılaşmanı pozurlar”, – deyə ABŞ prezidenti bildirib.
Tramp qeyd edib ki, onun hazırlamaq istədiyi saziş dörd, 15 və ya 20 ildən sonra hakimiyyətə gələcək prezidentlərin qərarlarından asılı olmamalıdır.
“İstəyirəm ki, elə bir razılaşma əldə edim ki, dörd, 15 və ya 20 il sonra səriştəsiz bir prezident hakimiyyətə gəlsə belə, bu razılaşma qüvvədə qalsın. Gələcək administrasiyanın geri çəkilməsinə və İranın nüvə silahı əldə etməsinə imkan verilməməlidir”, – deyə Tramp vurğulayıb.
ABŞ lideri Vaşinqtonun İranda hakimiyyət dəyişikliyinə nail olmaq istədiyi barədə iddialara da münasibət bildirib. O, ABŞ administrasiyasının artıq İranın fərqli rəhbər heyətləri ilə danışıqlar apardığını söyləyib.
“Biz üçüncü qrupla danışıqlar aparırıq. Bunu sonuncu hakimiyyət dəyişikliyi adlandıra bilərsiniz”, – deyə Tramp bildirib.
O, hazırkı İran rəsmilərinin əvvəlkilərlə müqayisədə daha məntiqli mövqe nümayiş etdirdiyini ehtimal etsə də, onlarla danışıqların hələ də çətin olduğunu etiraf edib.
Trampın bu açıqlaması onun bir gün əvvəl İranla müharibə barədə səsləndirdiyi fikirlərdən sonra gəlib. ABŞ prezidenti noyabrın 3-də keçirilən aralıq seçkilərdə respublikaçıların uğursuz nəticə göstərməsində İranla müharibənin və yanacağın bahalaşmasının təsirini etiraf edib.
Bununla belə, Tramp eyni qərarı yenidən verməli olsaydı, yenə də müharibəyə başlayacağını bildirib.
Ağ Evdə keçirilən mətbuat konfransında vitse-prezident Cey Di Vensin seçicilərin İranla müharibəyə görə narazı qaldıqları barədə fikri ilə razılaşan Tramp siyasi nəticələrə baxmayaraq qərarından dönməyəcəyini vurğulayıb.
“Əgər məndən bunu yenidən edərdinizmi deyə soruşsaydılar, əlbəttə, bəli deyərdim. Çünki İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik”, – deyə ABŞ prezidenti bildirib.
Tahir TAĞIYEV