Rusiyada xarici vətəndaşlar üçün nəzərdə tutulan “Rəqəmsal profil” sistemi dekabrın 1-dən etibarən tam gücü ilə fəaliyyətə başlayacaq. Yeni sistem vasitəsilə miqrantlarla bağlı məlumatlar 15 dövlət qurumundan toplanaraq vahid məlumat bazasında birləşdiriləcək. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk məlumat verib.
Onun sözlərinə görə, dekabrın 1-dən etibarən bütün xarici vətəndaşlar haqqında məlumatlar vahid sistemdə cəmləşdiriləcək. Volk “Maks” platformasında yayımladığı açıqlamada bildirib ki, bundan sonra əcnəbilərin dövlət nəzarətindən kənarda qalması praktiki olaraq mümkünsüz olacaq.
Sistem Rusiya Prezidentinin fərmanına əsasən 2026-cı il iyunun 30-dək yaradılıb. Onun fəaliyyətinə Daxili İşlər Nazirliyi nəzarət edəcək.
Yeni rəqəmsal profil vasitəsilə 15 dövlət qurumu və təşkilatından əldə edilən məlumatlar birləşdiriləcək. Buraya xarici vətəndaşların yaşadığı və işlədiyi yer, təhsil vəziyyəti, miqrasiya qeydiyyatı, istifadə etdiyi nəqliyyat vasitələri və tibbi sığortasının olub-olmaması barədə məlumatlar daxil ediləcək.
Bundan başqa, miqrantların törətdiyi inzibati hüquq pozuntuları və onların Rusiyaya girişinə qoyulan qadağalar da sistemdə əks olunacaq. Beləliklə, əvvəlki qeydiyyatlardan tutmuş tətbiq edilmiş cərimələrədək müxtəlif məlumatlar vahid profildə görünəcək.
Rusiya Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, sistemin yaradılmasında əsas məqsəd miqrasiya nəzarətinin effektivliyini artırmaq və qanunlara əməl edən xarici vətəndaşlar üçün dövlət xidmətlərindən istifadəni asanlaşdırmaqdır.
Dekabrın 1-dən sistemin tam gücü ilə işə düşməsi ilə Rusiyada yaşayan əcnəbilərin əmək fəaliyyəti, təhsili, qeydiyyatı, nəqliyyat vasitələri və tibbi sığortası barədə məlumatlar vahid platformadan izlənilə biləcək.
Bu addım Rusiyanın miqrasiya siyasətində rəqəmsal nəzarətin daha da gücləndirilməsi istiqamətində yeni mərhələ kimi qiymətləndirilir.
Tahir TAĞIYEV