Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) yenidən üzv olması mümkün variantlardan biri kimi müzakirə edilə bilər. Bunu ölkənin enerji təhlükəsizliyi və karbon neytrallığı naziri Ed Milibend BBC-yə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin Brüsseldə Avropa liderləri ilə keçirəcəyi qeyri-rəsmi danışıqlarda Avropa İttifaqı ilə münasibətlərin gələcəyi ilə bağlı bütün mümkün variantlar nəzərdən keçiriləcək.
Aİ-yə yenidən üzvlük ehtimalı ilə bağlı suala cavab verən Milibend deyib: “Biz bütün müxtəlif variantların üstünlüklərini və xərclərini nəzərdən keçirəcəyik”.
Xatırladaq ki, cümə günü Britaniya hökuməti Avropa İttifaqı ilə ticarət və gənclər mübadiləsi sahələrində razılaşmalar əldə edildiyini açıqlayıb. Sənədlər ərzaq və içki məhsulları üzrə standartların yaxınlaşdırılmasını, emissiyaların ticarəti sistemində iştirakı, eləcə də gənclərin mobilliyi proqramının yaradılmasını nəzərdə tutur.
Planlara əsasən, 100 minə yaxın britaniyalı gənc Avropa İttifaqı ölkələrində yaşamaq, işləmək, təhsil almaq və səyahət etmək imkanı əldə edəcək. Eyni imkanlar Avropa ölkələrinin gənclərinə də Böyük Britaniyada yaradılacaq.
Baş nazir Börnhem razılaşmaların ölkənin ümumi daxili məhsulunun 0,5 faiz artımına səbəb olacağını və Britaniya iqtisadiyyatına əlavə 17 milyard funt sterlinq qazandıracağını bildirib.
Milibendin sözlərinə görə, gələn il ərzində Britaniya hökuməti ilə Aİ nümayəndələri arasında münasibətlərin gələcək inkişafına dair əlavə qeyri-rəsmi müzakirələr aparılacaq. Bununla belə, nazir əldə olunan razılaşmaların növbəti parlament seçkilərinədək hökumətin nail ola biləcəyi maksimum nəticə olduğunu vurğulayıb.
Lakin üç razılaşmanın həyata keçirilməsi təhlükə altına düşə bilər. Belə ki, London Avropa İttifaqı tələbələrinin Britaniya universitetlərində yerli tələbələrlə eyni təhsil haqları ilə oxumasına icazə verməsə, Brüssel əldə olunan razılaşmaları bloklamaqla hədələyib.
Qeyd edək ki, 2024-cü ildə hakimiyyətə gələn Leyboristlər Partiyası seçki proqramında müəyyənləşdirilmiş prinsiplərə sadiq qalır. Bunlara Aİ-nin vahid bazarına və gömrük ittifaqına qayıtmaqdan, eləcə də sərbəst hərəkət azadlığını bərpa etməkdən imtina daxildir.
Bununla belə, Börnhem daha əvvəl öz həyatı dövründə Böyük Britaniyanın Avropa İttifaqına qayıtmasını görmək istədiyini bildirmişdi.
Britaniya baş nazirinin Milad bayramına qədər ölkənin növbəti seçkilərdən sonra Aİ-yə necə yaxınlaşa biləcəyini əks etdirən 10 illik plan təqdim edəcəyi gözlənilir. Milibend 2016-cı ildə keçirilmiş referendumun nəticələrini qəbul etdiklərini, lakin dünyada və Avropada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini bildirib.
“Dünya köklü şəkildə dəyişib. Avropa da dəyişir. Buna görə də bütün bunların nə demək olduğunu anlamalıyıq”, – deyə nazir qeyd edib.
Böyük Britaniyanın baş naziri Börnhem isə əldə olunan razılaşmaları “Böyük Britaniya və Avropa üçün yaxşı gün” adlandırıb. O, sənədin müasir dövrün əsas çağırışlarına, o cümlədən yaşayış xərclərinin artmasına, iqtisadi artımın zəifləməsinə, qeyri-qanuni miqrasiyaya və gənclərin üzləşdiyi problemlərə cavab verdiyini bildirib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də tərəflərin fikir ayrılıqlarını aradan qaldıra biləcəyinə əminliyini ifadə edib və qarşıdakı qeyri-rəsmi müzakirələri müsbət qiymətləndirib.
Britaniyanın ətraf mühit naziri Anjela İql isə razılaşmaların yerli fermerlərə yeni bazarlara çıxış imkanı yaradacağını, ixrac və idxal proseslərini asanlaşdıracağını bildirib.
Tahir TAĞIYEV