Ermənistanın Baş naziri Nikol Paşinyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin rəsmi başlanmasının sabah elan ediləcəyini bildirib.
Paşinyan qeyd edib ki, enerji transformasiyası Ermənistan hökumətinin strateji prioritetlərindən biridir. Onun sözlərinə görə, bərpaolunan enerji mənbələrinin, xüsusilə günəş enerjisinin inkişafı ölkənin enerji müstəqilliyinin gücləndirilməsi üçün yeni imkanlar yaradıb.
Baş nazir vurğulayıb ki, bir neçə il əvvəl enerji resursları çatışmazlığı yaşayan Ermənistan hazırda alternativ enerji istehsalının genişləndirilməsi hesabına daxili tələbatını ödəmək üçün əlavə imkanlar əldə edib.
Ermənistanın yeni atom elektrik stansiyası tikməyi və enerji mənbələrini şaxələndirməyi planlaşdırdığını bildirən Paşinyan TRIPP layihəsinin də bu istiqamətdə mühüm rol oynayacağını qeyd edib.
“Sabah TRIPP layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcəyik”, – deyə o bildirib.
Baş nazirin sözlərinə görə, enerji və elektrik enerjisinin tranziti təşəbbüsün əsas istiqamətlərindən olacaq.
Paşinyan əlavə edib ki, Ermənistan Türkiyə və Azərbaycanın elektrik şəbəkələri ilə əlaqələndirilməsini planlaşdırır. Hazırda ölkənin İran və Gürcüstanın enerji sistemləri ilə bağlantısı mövcuddur. Ermənistan elektrik enerjisinin ötürülməsinin səmərəliliyini artırmaq üçün də investisiyalar yatırır.
Onun sözlərinə görə, mühüm mərhələlərdən biri nəqliyyat kommunikasiyalarının tikintisi üçün zəruri olan uzunluqda Ermənistan-Azərbaycan sərhədinin cənub hissəsində delimitasiya və demarkasiya işlərinin aparılması olacaq.
Tahir TAĞIYEV