Ukrayna Prezidenti Volodimir Zelenski Krımda yerləşən Kerç körpüsünün Ukrayna üçün tamamilə legitim hərbi hədəf olduğunu bildirib. O, Rusiyanın Ukrayna ərazisindəki infrastruktur obyektlərinə hücumlarına cavab olaraq Kiyevin də zərbələr endirmək hüququna malik olduğunu vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, Kiyev Rusiyanın hücumlarına cavab vermək prinsipindən çıxış edir. O qeyd edib ki, Moskva dəfələrlə Ukraynanın enerji infrastrukturunu hədəfə alıb və Rusiya da müharibənin nə demək olduğunu hiss etməlidir.
Zelenski xatırladıb ki, Rusiya uzun illərdir Ukraynada körpüləri, dəmir yollarını və digər infrastruktur obyektlərini dağıdır. Buna görə də Ukrayna qarşı tərəfin hərəkətlərinə cavab verməyə, o cümlədən Krım körpüsünü hədəfə almağa məcburdur.
Prezident vurğulayıb ki, Krım körpüsü Ukrayna üçün legitim hədəfdir. Onun sözlərinə görə, Rusiya Krımı işğal edib, körpünü tikib və yarımadanı öz ərazisinin bir hissəsi elan edib.
Zelenski həmçinin bildirib ki, Rusiya Prezidenti Putin körpünün istər müharibə zamanı, istərsə də müharibə başa çatdıqdan sonra mövcudluğunu qoruyub saxlaya bilməyəcəyini anlamalıdır.
Ukrayna lideri ölkəsinin ərazilərinin Rusiya tərəfindən işğalını heç vaxt qəbul etməyəcəyini, bu məsələnin diplomatik və ya hərbi yolla həll edilməsindən asılı olmayaraq mövqeyinin dəyişməyəcəyini qeyd edib. O əlavə edib ki, Ukrayna öz ərazisinin hərbiləşdirilməsinə də razı olmayacaq. Zelenskinin sözlərinə görə, Putin Krım körpüsündən böyük həcmdə silahların daşınması üçün istifadə edir və Kiyev belə addımlara cavab verməkdə davam edəcək.
Tahir TAĞIYEV