ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Konqresə keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsindən sonra İran daha aqressiv mövqe tutmağa başlayıb. Onun sözlərinə görə, Tehran demokratları zəif hesab edir və bu nəticədən ruhlanıb.
“Hamının xatırladığı kimi, mən noyabrın 3-də keçirilən aralıq seçkilərlə bağlı iki proqnoz vermişdim. Birincisi, demokratlar qalib gəlsələr, fond bazarları əhəmiyyətli dərəcədə geriləyəcəkdi və belə də oldu. İkincisi, İran İslam Respublikası hücumlarında daha aqressiv olacaq və bu da baş verdi”, – deyə Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Trampın iddiasına görə, son bir həftə ərzində İran ötən ilin istənilən dövrü ilə müqayisədə daha çox pilotsuz uçuş aparatı və raket buraxıb. O, həmin vasitələrin hamısının zərərsizləşdirildiyini və heç bir ziyan vurmadığını bildirib.
“İran rəhbərləri demokratları zəif, səmərəsiz və ölkəni dağıdan qüvvə hesab edirlər. Lakin mən buna imkan verməyəcəyəm!” – deyə Tramp əlavə edib.
ABŞ prezidenti həmçinin demokratları və İranı neft qiymətlərinin mümkün qədər uzun müddət yüksək qalmasında maraqlı olmaqda ittiham edib. Onun sözlərinə görə, seçkilərdən sonra neftin qiyməti rekord səviyyədə aşağı düşüb.
Tramp seçicilərin səsvermədən əvvəl bu məqamı nəzərə almamasından təəssüfləndiyini bildirib və seçkilərin ümumilikdə “çox qəribə” keçdiyini qeyd edib.
Tahir TAĞIYEV